Bu günlərdə Qırğızıstanın Çolpan-Ata şəhərində türkdilli ölkələrin dövlət başçılarının sammiti keçirildi.
Üç illik fasilədən sonra baş tutan sammitdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan prezidentləri (Türkmənistan prezidenti sammitə qatılmamışdı) türk çoğrafiyasında mədəni-sosial inteqrasiya proseslərinin, iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələrini müzakirə etdilər. O cümlədən ortaq türk tarixi dərsliyinin hazırlanması və tədrisi məsələlərinə toxunulduğu bildirilir.
virtualaz.org qeyd edir ki, ortaq türk tarixi dərsliyinin hazırlanması, ortaq türk televiziyasının qurulması barədə razılaşma hələ 5 il əvvəl türkdilli ölkələrin Astana sammitində qəbul edilmişdi. Bəs indiyəcdək bu istiqamətdə hansı işlər görülüb, ortaq türk tarixi dərsliyini Azərbaycan məktəblərində nə vaxt görmək mümkün olacaq?
Bu mövzu ilə bağlı müvafiq strukturlarla və tarixçi-ekspertlərlə araşdırma apardıq. Belə məlum olur ki, Beynəlxalq Türk Akademiyası Azərbaycan da daxil olmaqla türkdilli ölkələrdən mütəxəssislər cəlb etməklə XV əsrə qədər olan dövrü əhatə edən “Ortaq Türk Tarixi” adlı vəsaiti artıq hazırlayıb.
Yekun layihəsi hazır olan ortaq türk tarixi kitabından Qazaxıstanın bəzi məktəblərində tədris vəsaiti kimi istifadə edilir. Amma Azərbaycanda, o cümlədən digər dövlətlərdə dərslik kimi nə vaxt istifadə olunacağı bəlli deyil.
Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, hazırlanmış həmin vəsaitin məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təsdiq edilməlidir. Yalnız bundan sonra vəsaitin Azərbaycanın dövlət ümumtəhsil məktəblərində fakültətiv məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər.
“Fənnin bütün dövlət ümumtəhsil müəssisələrində 8-ci sinifdə fakültətiv məşğələ dərslərinin hesabına tədrisinə baxıla bilər. Orta məktəblərdə şagirdlərə dərsliklər dövlət tərəfindən verilir. Ortaq türk tarixi vəsaiti də məzmunu təsdiqlənəcəyi təqdirdə dövlət təhsil müəssisələrində təhsil alan bütün şagirdlərə pulsuz paylanılacaq”, -nazirlikdən qeyd ediblər.
Ortaq türk tarixi dərsliyinin hazırlanmasında məqsəd türk xalqlarının yaxınlaşmasına, sağlam əlaqələrin qurmasına xidmət etməkdir. Amma bəllidir ki, tarixi mənbələrdə türkdilli xalqların bir-birinə münasibətinə dair ziddiyyətli məlumatlar yer alıb və hər hansısa bir yanlıq məlumat xalqlar arasında problemlərə yol aça bilər.
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli deyir ki, ortaq türk tarixi, türk ədəbiyyatı dərslikləri olduqca həssaslıqla işlənilməlidir. Dərslikləri işləyəcək müəlliflər isə türkçülük şüurunda olmalıdırlar. Əks təqdirdə müəyyən problemlər yaşana bilər.
“Tarixdə türkdilli xalqlar arasında müəyyən problemlər yaşanıb. Amma Qərb tarixçiləri uzun müddət səfəvilərlə osmanlını, yaxud Orta Asiyadakı türk dövlətlərinin tarixini ziddiyyətlə, bir-birinə qarşı qoyaraq hazırlayıblar. Yəni şişirdilmiş ziddiyyətli məlumatlarla veriblər”, -Ələkbərli bildirib. Alim deyir ki, dərsliklərin hazırlanmasının gecikdirilməsi məhz belə həssas məqamlarla bağlı ola bilər.
Faiq Ələkbərlinin fikrincə ortaq türk tarixinin yazılması sıradan bir məsələ deyil: “Türk dövlətlərinin bir-birinə münasibətini elə incəliklə işləməli, elə ruhda təqdim etməlidirlər ki, Azərbaycanda, Türkiyədə, Türkmənistanda, Qazaxıstanda, yaxud Təbrizdə dərsliyi oxuyan hər bir türk övladı türk hökmdarlarını sevə bilsin, keçmişi ilə qürur duysun. Buna görə də ortaq türk tarixinin, ortaq türk ədəbiyyatının hansı ruhda və kimlər tərəfindən yazılması çox önəmlidir. Çünki ortaq türk tarixi türk dövlətlərinin birliyinə xidmət etməlidir”.
İnstitut əməkdaşı qeyd edib ki, hökmdarları nağıllarla baş kəsən, qan tökən kimi təqdim ediblər. Halbuki onları yanlış və doğruları ilə sevdirmək lazımdır. Bu baxımdan ortaq türk tarixi dərsliyinin xalqların ortaq keçmişlərini, dəyərlərini mənimsəməsi baxımından çox vacibdir.
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, türk dilində ortaq dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamaları, sağlam əlaqələr qurması üçün vacib amildir. Amma ortaq dərsliklər yazılarkən xüsusi diqqətli olmaq lazımdır. Çünki türk xalqlarının tarixi və qarşılıqlı münasibətləri heç də həmişə hamar olmayıb, enişli-yoxuşlu proseslər baş verib. Bu hadisələrin dərsliklərdə yer alması isə müasir dövrdə dövlətlərarası münasibətlərə təsir göstərə bilər.
“Azərbaycan müstəqilliyini bərpa edildikdən sonra türk dünyası tarixi istər orta, istərsə də ali məktəblərdə keçirilir. Orta məktəblərdə istifadə olunan tarix dərsliklərində geniş şəkildə türk dünyasının bütün dövlətləri ayrıca olaraq tədris olunur. Ali məktəblərdə bu istiqamətdə kafedralar da yaradılıb. Hətta universitetlərdə ayrıca dissertasiyalar yazılır. Azərbaycan türk dünyasının tərkib hissəsi kimi digər türk dövlətlərinə geniş şəkildə yer və önəm verir” -Əsədov əlavə edib.
Ekspertin fikrincə, bir kökdən, bir dilə mənsub olan xalqların etnik, mədəniyyət, tarix birliyindən eyni dərəcədə xəbərdar olmasına, digər tərəfdən, keçmiş tarixin elə bir şəkildə təqdimatına ehtiyac var ki, bu xalqlar bir-birinə daha yaxın olsun, eyni ortaq mədəniyyətin sahibləri olduqlarını bilsinlər. Türk dünyası irili-xırdalı 120-yə yaxın dövləti əhatə edir: “Böyük türk dövlətləri var. Ona görə də bu, əsaslı yox, sadəcə, məlumatverici dərslik ola bilər. Belə bir dərslik türk xalqlarının bir-birinə nə qədər yaxın olduqlarını, ortaq dəyərlərinin olmasını anladacaqdır”.
Lakin nə qədər araşdırsaq da ortaq türk tarixi dərsliyinin lahiyəsi üzərində Azərbaycandan kimlərin işlədiyini dəqiqləşdirə bilmədik. Ümumiyyətlə, bu dərsliyin yekun variantının nə zaman hazır olacağı haqda da təxminlər yoxdur. Başqa sözlə, türkdilli ölkələrin mədəni-siyasi inteqrasiyasına xidmət edən razılaşmalardan birinin həyata keçirilməsi üçün bu gedişlə daha bir neçə il vaxt lazım ola biləcəyi görünür…
Ü.Xudiyeva
Virtualaz.org