Əbdül Hüseynov vəfar edib

Görkəmli yazıçı, kinodramaturq, , şərqşünas  alim, tarix elmləri  namizədi,Azərbaycan Yazıçılar Birliklərinin üzvü Əbdül Ənbiyə oğlu Hüseynov 2017-ci il may ayının 14-də 92 yaşında Moskvada vəfat etmişdir.Əbdül Hüseynov 1925 — ci ilin oktyabr ayının 25- də Bakının Əmircan kəndində anadan olub. İkinci dünya savaşı başladığı zaman  orta məktəb şagirdi olan Əbdül könüllü olaraq  müharibəyə gedib. Müharibədən qayıtdıqdan sonra bir müddət Krasnovodsk şəhərində rus dilində nəşr olunan “Krasnovodskiy raboçiy” qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb, 1956-cı ildə Aşqabad Dövlət Universitetinin hüquq-tarix fakültəsini bitirib. 1958-ci ilə qədər Türkmənistan mədəniyyət nazirinin müavini olub.1960-cı ildə Moskvaya köçüb. Dövlət  Kino Komitəsinin işçisi kimi Ə.Hüseynov uzun illər Türkiyədə, İranda, Monqolustanda işləyib. İranda olarkən  böyük şairimiz Şəxriyarı ziyarət etmiş, onunla dostluq əlaqəsi yaratmışdır. Xariçdə çalışdığı illərdə  Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı böyük axtarışlar aparmış və zəngim material toplamışdır. Sonralar bu materiallar əsasında  yazıçı rus dilində bir-birinin ardınca ”Mustafaxanın xəzinəsi”, “Arzamaslı qadın”, ”Səlahətdin”, ”Taxta çıxan əkinçi”, ”Üsyankar Xaqani”  və başqa əsərlərini nəşr etdirmişdir. Daha sonraları  Əbdül Hüseynov  ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Müdrik adamın arzuları”, ”Məhəbbət haqqında üç dastan”, ”Müharibənin sədası”  və Xocalı soyqırımını dilə gətirən ”Xocalı fəryadı” kimi romanı və povestləri qələmə almışdır. Onun əsərləri Azərbaycan türkçəsinə olduğu kimi ingilis, ispan, alman, fransız, ərəb dillərinə də tərcümə edilib. Yazıçının yazdığı ssenarilər əsasında 7 film çəkilib.

Əbdül Hüseynov  Türkiyə ilə bağlı ”Türkiyədə həmkarlar hərəkatı”, ”Yılmaz Qüney-həyat və qəhrəmanlıq”, ”Türkiyənin ictimai-siyasi həyatında kütləvi informasiya vasitələrinin rolu” kimi monoqrafiyaların da müəllifidir.

Əbdül Hüseynov uzun illər Rusyada yaşasa da, ədəbiyyatımızı və mədəniyyətimizi bu ölkədə layiqincə təmsil edir, azərbaycan icmasının həyatında — AYB Moskova Bölməsinin, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, ÜAK, FMMM və başqa  təşkilatların işində aktiv rol oynayırdı.

Əbdül Hüseynovun vəfatı Azərbaycan yazıçılarını dərindən kədərləndirmişdir. Azərbaycan Yazıçılar Birliyi mərhumun ailəsinə, bütün yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir! Görkəmli yazıçı, əsl ziyalı, vətənsevər və qayğıkeş insan Əbdül Hüseynovun işıqlı xatirəsi bizlərin qəlbində daim yaşayacaqdır.

ANAR Azərbaycan Yazıçılar Birliyinin sədri

Fikrət Qoca, Nazim İbrahimov, Çingiz Abdullayev,

Tofiq Məlikli

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.