Gözlənilən bir bəhsin tarixçəsi və ya “siyasi toy” olaylarına publisistik baxış
Yazım-yazmayım deyə xeyli düşündüm. Çünki indi hamı xor oxuyur; kimin əli qələm tutursa, Ramiz Mehdiyevdən yazır. Məni ən çox tərəddüdə salan səbəb isə Hacıbala Abutalıbovun, eləcə də, cəmiyyətdə özünə bu gün tənqid etdiyi adamlar qədər antipatiya qaratmış bəzi qələm sahiblərinin və “ziyalılar”ın xorla antimehdiyev kampaniyası aparmaları oldu. Bundan əvvəl – iyul ayında məlum Tovuz hadisələrindən sonra vətənpərvər insanlar səfərbərlik idarələrinə axışıb orduya könüllü yazılanda bundan nə qədər sevinc və qürur duymuşdumsa, cəmiyyətin tullantılarının da dürüst insanlarla yanaşı bu kampaniyaya qoşulması və özlərini aşırı reklam etmələri məni məyus etmişdi (“Cəmiyyətin tullantıları” deyəndə kimi nəzərdə tutduğumu özünüz anladınız).
Bu cümlələləri yazmaqda məqsədim var; bəli, cəmiyyətin nüfuzlu şəxsləri, dürüst ziyalılar, təmiz adamlar belə durumlarda – ölkənin ən çətin günlərində qıraqda duranda indi tamaşasısna durduğumuz mənzərə alınır. Təkcə indi deyil, təkcə Ramiz Mehdiyevlə bağlı deyil, hər zaman ölkə üçün taleyüklü məsələlərdə gerçəkdən ziyalı insanlar öz sözünü deməlidir. Bir misal deyəcəm: ötən ay Tovuz olaylarından sonra orduya dəstək adı ilə meydana axışanlardan günahsız yerə həbs edilənlər oldu. İşgəncə verilməsi iddiaları var. Bu məsələlərə biz ilk gündən münasibətimizi yazmışıq, demişik. Ancaq nədənsə əksər ziyalı insanlar susurlar. Fikir bildirmirlər.
Baxın, Yazıçılar Birliyinin sədri Anardan Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə karantin vaxtı toy etmsəsi haqda soruşurlar, deyir: “Mənim nə borcuma qalıb…”
Bunu “Evləri köndələn yar” yazan adam deyir. Düzdür, şəxsən mənim ümumən Anardan böyük gözləntim də yoxdur. Məsələ heç bu toy qalmaqalı da deyil. Məsələ odur ki, ölkənin ən “öndə gedən” ziyalısı deyir: “Mənim nə borcuma qalıb?!” Belə bir yanaşma başqalarına da aşılanır.
Elə götürək, Milli Elmlər Akademiyasının özünü. Ölkənin tanınmış-tanınmamış bütün, yaxud əksər alimləri orda cəmləşməyibmi?! Rəyasət Heyətində oturan akademiklər, müxbir üzvlər, eləcə də, institut rəhbərləri, professorlar bu elm qurumunun Prezidentinə demirlər ki, niyə AMEA-nın saytını siyasət (daha doğrusu intriqa) alətinə çevirib?! Adam bu vəzifəyə gələndən hələ elmlə məşğul olmayıb, olubsa da biz görmürük. Milli Elmlər Akademiyası bu ölkənin, bu millətin, bu dövlətindir. Onu şəxsi maraqlar Akademiyasına, siyasi intriqalar, çəkişmələr akademiyasına döndərmək istəyirlər, bütün elm-aləm də durub tamaşa edir. Bunu edən adamın o Akademiyanın başında oturmağa haqqı yoxdur, susanların da o Akademiyaya haqqı şübhəlidir.
Erməni siyasətçiləri Ermnistanı Rusiyanın forpostuna çevirib – bu, hamıya məlumdur. Əslində bu ölkə elə Rusiyanın vassalı olaraq qurulub. İndi biz Azərbaycanda bunun kiçik miqyasda analogiyasına dözməliyikmi?! Kimlərsə Milli (!) Elmlər Akademiyasını hansısa bir dövlətin forpostuna, siyasi-geosiyasi müqavimət hərəkatının qərargahına, elm ocağının saytını da antidövlət təbliğat resursuna çevirəcəksə, orda bir alim tapılmayacaq ki, buna etiraz etsin?!
Bir neçə il əvvəl Milli Elmlər Akademiyasının institut direktorlarından bir xəbərimizlə bağlı mənə zəng etmişdi; xəbəri silməyi tələb edirdi. Xəbər, təbii ki, doğru idi; silməyəcəyimizi dedim və təklif etdim ki, açıqlama versin, onun da açıqlamasını dərc edək. Səsinin tonunu qaldıraraq təkəbbürlə dedi:
— Kiminlə danışdığınızı, deyəsən, bilmirsiniz? Mən Putinlə görüşmüşəm e, a kişi, Putinlə.
Dedim:
— Siz başqa dövlətin rəhbərini özünüzə Prezident sayırsınızsa, zəhmət olmasa, zəngi qapadın.
Adam qorxudan udquna-udquna elə demək istəmədiyi haqda izahat verməyə cəhd elədi. Söhbətindən məlum oldu ki, o, Moskvada bir tədbirdə iştirak edirmiş, Putin də orda olub. Bu adamlar Azərbaycanda vəzifə, titul, var-dövlət sahibi ola-ola özlərinə Putini prezident bilirsə, başqa nə demək olar ki?! Hələ bəlkə aralarında Paşinyanı öz baş naziri sayanlar da var, bilmirk ki. Ən azı 30 min erməninin yaşadığı Bakıda bu da olsa, təəccüblənmərəm…
Yaxşi, Akademiyanı da qoyduq bir kənara. Bu günlərdə sosial şəbəkələrdə Ramiz Mehdiyevin nəvəsinin toy görüntüləri ilə yanaşı başqa vəzifəli, yaxud tanınmış şəxslərin də özlərinə ad günü, yaxınlarına toy, nişan və sair keçirməsi haqda xəbərlər, videolar yayıldı. Doğrudur, bunu bəziləri təkzib etdi, bəziləri heç səsini də çıxarmadı. Hətta baş nazirin də yaxınlarından birinə toy məclisi qurduğu xəbəri yayıldı. Bu xəbərlərin də araşdırılmasına, günahkarların kimliyindən asılı olmayaraq cəzalanmasına ehtiyac var. Qanunlar qüvvədə, ölkə Prezidentinin bu məsələ ilə bağlı iradəsi ortada. Hüquq-mühafizə orqanları nəyi gözləyir?! Niyə araşdırma aparmırlar?! Bu məclislər haqda, eləcə də, Ramiz Mehdiyevin nəvəsinin toyu haqda qalmaqal orda qonaqlardan birinin çəkib yaydığı videodan sonra qalxdı. Deməli, o video çəkilib yayılmasaydı, heç kim də heç bir addım atmayacaqdı?! Bəs o rayonların polisi, prokuroru, məhkəməsi yoxdur?! Niyə hamısı oturub ölkə rəhbərliyindən göstəriş gözləyir?!
Məsələnin mənəvi tərəflərinə də baxmaq lazımdır. Milli Məclis sədrinin müavini Adil Əliyev qalmaqallı Novxanı toyunun qəsdən edilldiyini deyir. Əksər şərhçilər də, rəsmi media da bunun dövlətə qarşı çıxmaq, özünü dövlətdən, qanundan üstün saymaq kimi qiymətləndirib. Özünü qanundan üstün bilmək artıq qanunun təsir sferasından – qanundan çıxmaqdır. Ramiz Mehdiyevin kürəkəninin: “Heç kim bizim işimizə qarışa bilməz” söyləməsi də, Siyavuş Novruzovun: “İştirak etmişəm, düz eləmişəm” sözləri də bu toyun əslində daha çox qanunun qüvvəsinə, Prezidentin iradəsinə qarşı qurulmuş siyasi məclis olduğunu göstərdi (hətta belə deyildisə də elə gösətərdi). Bizi ən çox üzən isə yeni ailə quran gənclərin xoşbəxt gələcəyə dair xəyalları üzərindən kimlərinsə öz şəxsi hikkəsini, siyasi iddialarını, anlıq fərdi (yaxud traybalist) maraqlarını ortaya qoyub təmin etmək istəməsidir. Hər iki gəncin atalarının qollarına qandal vuruldu, küçə xuliqanlarına verilən 15 sutkalıq cəza verildi. Toya gəlmiş qonaqlar polis bölmələrinə aparıldı, cərimələndi, kamera qarşısına çıxarılıb cəmiyyətdə rüsvay edildi. Bu gənclərin ən xoşbəxt günləri haqda ömür boyu xatirələri bunlarmı olmalıydı?! Onlar illər keçdikcə bu günü xatırlayacaq, ağrıyacaqlar, inciyəcəklər. Nə üçün bu ailənin, eləcə də, karantin günlərində toy edən başqa ailələrin böyükləri ancaq öz maraqlarını düşünür, övladlarını, nəvələrini bu toylardan çəkindirmir, əksinə özləri bu toya şəxsən qonaqlar çağırıb öz şənlərinə mədhiyyə söylədirlər?! Bütün bunlar iki gəncin xoşbəxtliyindən daha üstünmüydü ki?!
Yadımdadır ki, aktyor dostumuz İntiqam Soltan və jurnalist məsləkdaşım Arzu xanım öz toylarını ailə qurduqdan on il sonra etmişdilər. Bəy və gəlin toya… uşaqlarının əllərindən tutaraq gəlmişdi. Niyə?! Toy günləri 1990-cı il yanvar hadisələri günlərinə düşmüşdü. Onların bu hərəkəti çox bəyənildi və on illik fasilədən sonra keçirilən o toy da bəlkə bu günə qədər ən maraqlı və ən yaddaqalan məclis oldu; uşaqlar öz ata-anasının toyunda oynadılar.
Demirik ki, indi evlənənlər 10 il gözləsinlər. Ancaq: “Ellə gələn bəla toy-bayramdır” deyən atalarımız belə durumların müdrikcəsinə həllini düşünüblər. Pandemiyadır; virus varlı-kasıb seçmir. Bir nəfər yoluxan adam ətrafında minlərin, milyonların yoluxmasına səbəb ola bilər. Ən başda Çində bir qadın yoluxmuşdu, sonra bütün dünya yoluxdu. Bunu bilmək üçün Akademik olmağa gərək yoxdur; bilməyn varsa da, MEA-nın Folklor İnstitutundan soruşsun ki, “ellə gələn bəla toy-bayramdır” deyiminin açması nədir? Bu da bir yana: başlıcası heç bir ata-ana, baba-nənə və sair və ilaxır xoşbəxtliyini qurmaq istəyən gənclərin xəyallarını siyasi, maddi və sair maraqlar üçün istismar etməsin.
Bir neçə kəlmə də qandal məsələsinə dair. Akademik Ramiz Mehdiyevin kürəkəninin qollarına qandal vurulmasını cəmiyyətdə əksəriyyət hiddətlə deyil, sevincqarışıq təəccüblə qarşıladı; sosial şəbəkə səhifələri, hesabları: “Dünən fərman verən bu gün can verir” ədəbiyyatı ilə dolub daşdı. Bəli, inzibati həbs olunan şəxsin qoluna qandal vurulmasını, toxunulmazlığı olan deputatın, ombudsmanın cərimələnməsini qanunun tələbləri baxımından doğru saymaq olmaz. “İmam üçün ağlayanda, bir az da Yezid üçün ağla” el məsəli var (əsl ağlamalısı elə Yezidin durumudur əslində) . Qanunsuzluğa qarşı qanunsuzluq etmək olmaz; bu, Mirzə Fətəlinin “Lənkəran xanının vəzirinin sərgüzəştləri”ndəki kimi olardı: “O sənin atının gözünü çıxarıb, get, sən də onun atının gözünü çıxar” yanaşması. Dövlətin iradəsini aşağılarda icra edənlər Roma Papasından artıq katolik olmağa, onlara “vur” deyəndə “öldürməyə” çalışmasınlar. Bunu təkcə Ramiz Mehdiyevin ailəsinə qarşı olanlara aid etmirəm, hər kəsə qarşı olanlara aid edirəm. Baxmayaraq ki, bu, indi vəzifədən düşəndən sonra qoluna qandal taxılanların özlərinin qurduğu sistemdir; özləri öz qurduları tələyə düşüblər. Amma bu gün ən dəbdə olan (və haqlı) deyim budur: “Bütün vətəndaşlar qanun qarşısında bərabərdir, heç kim özünü qanundan üstün saya bilməz”. Doğrudur. Yüzdə yüz razıyam. Ancaq bütün vətəndaşlar bütün qanunlar qarşısında bərabərdir (olmalıdır). Bu təkcə epidemioloji vıziyyətlə bağlı qanunlara aid deyil ki. Biri seçkiləri saxtalaşdırırsa, özünü qanundan üstün saymırmı?! Polis adamı tutub işgəncə verirsə, özünü qanundan üstün bilmirmi?! Yaxud Prezident özü dedi ki, vəzifəli adamların qohumları suyu öz təsərrüfatlarına axıdır, sadə fermerlərin əkinləri yanır. Bu hal harınların özlərini qanun saymaları deyilmi?! Büdcənin pulunu mənimsəyən də, rüşvət alan da, vətəndaşın haqqını yeyən də — hamısı özünü qanundan yüksək bilir. Baxın, şərlənib həbsə atılan insanların əleyhinə saxta dəlillər quraşdıran müstəntiq, əsassız iittihamlar “toxuyan” prokuror, ədalətsiz hökm çıxaran hakim… Bunlar özlərini qanundan yuxarıda, ya ən azı kənarda hiss edənlərin kiçik bir siyahısıdır. Bu sistemi quranların, uzun onillər həmin qanundankənar-qanunüstü cəzalandırma maşınını sağa-sola səyridənlər, bu gün bir-iki saatlıq qandala niyə cırnaşır ki?! Dövlətin təpəsindən dünən düşmüsünüz, özünüz bilmirsiniz ki, öz əsəriniz olan belə qorxunc maşının qabağına çıxanda sizi də əzib keçər?! Yoxsa: “Bu qılıncı mən düzəltmişəm, məni kəsməz” irrasionallığına, irreallığına yuvarlanmısınız?! Bəlkə də vəzifənizin adındakı “Prezident” sözü çaşdırıb?!
Sonda bir əlavəm var. İyulda Tovuz hadisələri zamanı hər kəs dövləti ilə bir yerdə olduğunu bəyan etdi. Bu gün də oxşar vəziyyətdir, sadəcə, təhlükə xaricdən deyil, daxildən gəlir. Ona görə də yenə hamının dövləti ilə birlikdə olması lazımdır. Bu şərtlə ki, doğrudan da, hamı qanun qarşısında bərabər olsun. Sadəcə sözdə deyil, ən əsası əməldə…
Количество просмотров: 1 716