Rusiyadakı soydaşlarımıza sahib çıxmalıyıq

XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

 

Biriləri çıxıb Rusiyada yaşayan soydaşlarımızı ölkəyə buraxmamağa (rusları yox ha!!!), biriləri şit prikollar atmağa, biriləri isə onlardan qisas almağa çalışmaqdadırlar. Yazıqlar olsun, ayıb olsun! Heç bilirsiniz onlar kimlərdir?

Onlar bu ölkədə ən azı haqlarına girdiyiniz, əksəriyyətinin haqları pozulmuş insanlardır. Onlar sizlər dara düşəndə min bir məşəqqətlə, aslanın ağzından qopardıqları çörəklərini sizlərlə bölən özbəöz qan bir, can bir qədər qardaşlarınızdır. Sizlərin içinizdə, elə burdaca, Bakının göbəyində erməniyə, rusa, farsa nökərçilik edənlər azdırmı ki, öz soydaşlarınızı Rusiyaya işləməkdə, yaxud da Rusiyada işləməkdə suçlayırsınız? Kimlərinsə sifarişiylə çıxıb bir para trollar video-müraciətlər yayıb onları qınayırsınız. Yadıma Böyük Əmir Teymurun Azərbaycana hücum edən zaman yorğunluğunu çıxarmaq üçün bir diyarda dayanması düşür. O öz vəzirindən, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrı dağdır»- deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun «Əyriçay» olduğunu öyrənir. Əmir Teymur bir müddət sonra — «bəs bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu kəndin adı, Oğrukənddir».
Teymur qəzəblənib qoşuna buranı tərk etmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədir. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur». Onların bu ölkədən getmələrinin səbəbini Böyük Əmir Teymurun diliylə sizlərə anlada bildimmi?
Yaddaşınızı yeniləyin. İstər Qaraqaya əməliyyatında, istərsə də 44 günlük Vətən müharibəsi günlərində kimsədən sifariş gözləmədən, aş və iş vermədiyimiz bu vətənpərvər insanlarımız bir ordunun işini gördülər. Bəli, bu gün hər birimiz qardaşlarımızın taleyindən narahat olmalıyıq. Onlar ehtiyac duyulanda gözləriniz axtaran adamlardır və hər biri bizlər üçün hüdudsuz Rusiyada bir Azərbaycan və bir Vətəndir. Bu gün bizə dəxli olmayan bu müharibədən onları qorumaq dövlət və xalq olmaqla bizlərin borcudur.
Onların çoxu bu məmləkətdən inciyərək getsələr də qürbətin qarlı, şaxtalı günlərində Vətən ocağının və günəşinin hərarətiylə isindilər. Rəhmətlik Ozan Arifin qürbətçilər haqqında bir şeri var:
Nə qədər anlatsam tükənməz, bitməz
Bu mənim bağrımda yatan həsrəti.
Anlatmağa zatən taqətim yetməz,
On ildir yaxamdan tutan həsrəti.
Pəncəsi bağrımda, dişi dərində,
Söküb atarmıyım günün birində?
Qürbətin upuzun gecələrində,
Məni udum-udum udan həsrəti.
Arif bu həsrətin yoxdur əlacı,
Ana, baba, qardaş, bir yanda bacı,
Birinin həsrəti, birindən acı,
Amma ən acısı Vətən həsrəti…
Bu acıları yaşayan qardaş, bacılarımızın Vətənə yolunu bağlamaq nə deməkdir? Burada onların yaşamaq hüququna təcavüz etdiniz, yemək haqqına girdiniz və bu gün də onların Vətənə dönmək haqqına təcavüz var. Bunu görməzdən gəlmək və soydaşlarımızı kimlərinsə imperiya istəklərinin girdabında tənha qoymaq ən azı fərarlilikdir.
Bu adamlar ölkə insanına az qala ölkə büdcəsi qədər sosial yaşam qaynaqlığı edirdilər. Unutdunuzmu? Xatırladım ki, 2020-ci il Rusiyada yaşayan azərbaycanlı əmək miqrantları ortalama öz ölkələrinə 482 dollar göndərib. Təkcə 2022-ci ilin yanvar-iyun aylarında bu tək buraxdığınız insanlar ölkəyə 1,3 milyard manat vəsait göndəriblər. Bu vəsaitdən hər kəs faydalanıb. Bəlkə də içinizdə yaxın qohumu Rusiyada olmayan adam mənəm. Amma bu, mənə oradakı soydaşlarımızın taleyinə biganə qalmağa əsas verməz.
Bu gün kimlərisə getməkdə günahlandırmayın. Onların getməsinin bir səbəbi də elə sən özünsən. Hamımızıq. Çünki millət bir yana qalsın, heç el ola bilmədik. Öz yurdumuzda sahiblik cəhənnəmə, heç nökərçiliyi də bacarmadıq. Biz yurdumuzu «Ölülərə Azadlıq, dirilərə Ölüm!» fərmanı verilən bir məkana çevirdik.
Bir yazımda yazmışdım ki, bu məmləkətin insanları sanki yol üstündədirlər. Harasa mıxıb gedəcəklər. Biriləri öz qatarlarını, biriləri də əcəl karvanlarını gözləməkdədirlər. Bəlkə də yanılıram. Məncə belədir. Məzmunsuz bir ölkənin insanları öz ümidlərini bu iki şeyə bağlayıb. Ona görə də bu gün hər birimizin borcu dünyanın harasında olmasından asılı olmayaraq öz vətəndaşımızın yanında olmaqdır. Biz olsaq, elə dövlət də onların yanında olacaq, çünki «dövlət» deyilən məvhum elə «biz» deməkdir. Amma olmuruq, «xalası göyçəkilik» edirik…
Bu yazını Rusiyada öz qardaşlarından «can» kəlməsi gözləyən soydaşlarımıza bir çağrı olaraq yazdım. Siz tək deyilsiniz. Bir-iki zatı pzuqların sözünü ürəyinizə salmayın. Onlar bu məmləkətin çıxardığı irinli yaralardır. Məmləkət insanına, məmləkət tarixinə, milli kimliyimizə müxalif olan süni məxluqlardır. Yarısının südü, yarısının da geni xarabdır. Bir vətəndaş kimi təklif edirəm ki, Rusiyadakı soydaşlarımıza yardım, əlaqə ilə bağlı ciddi kompaniyalara başlamalıyıq. Onların hər birinin yanında olmalıyıq.
Bir də soydaşlarımızı getməkdə suçlayanlara isə böyük türk yazarı Əziz Nesinin bir sözünü xatırlatmaq istərdim: «Bir gün bu məmləkətin yanağına bir öpücük, baş altına da bir məktub buraxıb gedəcəkdim…
Elə gözəl uyuyurdu ki, oyandırmağa qıymadım»…
Yuxudan ayılmaq zamanıdır. Yatan millətlərin Yeni Dünya düzənində yerləri yoxdur. Bu gün burada qalan hər birimizin belə bir səbəbi var. İnanıram ki, dövlət Rusiyadakı soydaşlarımıza sahib çıxacaq. Öncə xalqımız öz övladlarının səsinə səs verəcək: Bir birimizdən uzaqlaşdıqca hər birimiz qərib və qürbətdə olacağıq. Biz hamımız qürbətçiyik və biz hamımız Azərbaycanlıyıq!…

 

Источник: fedai.az

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.