Qars müqaviləsinin hərfi və ruhu

95il ( Akif Nağı bu yazını 2016-cı ilde yazıb ) əvvəl imzalanmış Qars müqaviləsinə, bu günkü problemlərimizin kökündə dayanan həmin dövrün hadisələrinə bir daha qayıdırıq. Beynəlxalq güclərin təzyiqləri və himayəsi altında “Ermənistan” deyilən dövlət Azərbaycanın tarixi torpaqlarında məhz həmin dövrdə yaradılıb. 

Və bu dövlət yarandığı gündən ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirib. Bunu dönə-dönə deyir, faktlarla, sənədlərlə sübut edirik, amma dünya eşitmək istəmir, deməli, yenə də deməli, təkrar etməkdən yorulmamalıyıq. Mövqeyimizdə təkidli olmağımızın bir səbəbi də odur ki, torpaqlarımızı özümüzə qaytarmalıyıq, bizə qarşı əsassız iddialarından geri çəkilməyən ermənilərə bu cür səxavətli münasibət bəsləməyin mənası yoxdur.
Hamının bildiyi, amma dünyanın dəyər vermək istəmədiyi bir faktdan başlayıram ki, 1918-ci il mayın 27-28-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistanın Milli Şuraları (parlamentləri) öz ölkələrinin müstəqilliyini elan etdilər. Həmin vaxt gürcülər Tiflisi özlərinə siyasi paytaxt elan etdilər, buna haqları da var idi. Azərbaycanın həmin vaxt üçün 3 siyasi mərkəzi mövcud idi: Bakı, Gəncə, İrəvan. Bakı rus bolşeviklərinin əlində olduğuna görə azərbaycanlılar Gəncəni siyasi mərkəz olaraq seçdilər. Ermənilərin bir siyasi mərkəzi yox idi, onların toplum halda yaşadıqları yeganə Aleksandropol (Gümrü) şəhəri Türkiyə qoşunlarının nəzarəti altında idi, az-çox yaşadıqları digər şəhər-İrəvan tarixi Azərbaycan şəhəri idi, orada azərbaycanlılar əksəriyyət təşkil edirdilər. İngiltərə, Fransa və ABŞ-ın təkid və təzyiqlərindən sonra Azərbaycan İrəvanın siyasi mərkəz olaraq ermənilərə verilməsinə razılaşdı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da Tiflisdə keçirilən iclasında İrəvanın ermənilərə siyasi mərkəz olaraq verilməsinə dair qərar qəbul olundu. Qərarda İrəvan ermənilərə şərtlə verilirdi ki, Ermənistan bir daha Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürməsin. Ermənilər həmin şərti dərhal pozdular və bu gün də pozmaqda davam edirlər. Ona görə də Azərbaycan parlamenti tam qətiyyətlə Milli Şuranın həmin qərarını ləğv edə, İrəvanın Azərbaycana qaytarılmasını tələb edə bilər. Azərbaycan Milli Şurasının qərarı ilə İrəvan şəhəri və onun ətrafındakı ərazidə (cəmi 9 min kvadrat kilometr) Ermənistan (Ararat) respublikasının yaradılmasına razılıq verdi. Dünya birliyi bu erməni dövlətinin yaradılması üçün Türkiyənin də razılıq verməsini istədi və belə bir razılıq aldı. Türkiyənin siyasi elitasında bu qərarın əleyhinə olanlar da var idi, məsələn Tələt paşa qəti şəkildə etiraz edirdi, amma sonda hökumət razılığını verdi. Onu da qeyd etməliyik ki, Ermənistan SSR Ali Sovetinin müraciəti əsasında SSRİ Ali Soveti Rəyasət heyəti 1937-ci ildə İrəvanın adını dəyişdirərək “Yerevan” etdi.
Ermənilər 1918-1920-ci illərdə Azərbaycana qarşı ərazi iddialarından geri çəkilmədilər, Naxçıvan, Zəngəzur, Qarabağın bir hissəsini ələ keçirmək üçün cəhdlər etdilər, silahlı münaqişə və müdaxilələr törətdilər. ABŞ, Fransa, İngiltərə, Rusiya onların bu əsassız iddialarını dəstəkləyir, Azərbaycanı güzəştlərə razı salmağa çalışırdılar. Bu ağır mübarizədə Azərbaycanı yalnız Türkiyə müdafiə edirdi. Azərbaycan öz ərazi bütövlüyünü həm silahlı münaqişələr meydanında, həm də diplomatik sahədə qorumağa çalışırdı. Birinci dünya müharibəsindən sonra Paris (Versal) Sülh Konfransı əsas mübarizə səhnəsinə çevrildi. Ə.M.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Paris Sülh Konfransında tarixi həqiqətlərə, əhalinin etnik tərkibinə əsaslanan sənədlərlə çıxış etdi. Bu sənədlərin içərisində əsas yeri “Qafqaz Azərbaycanı Sülh nümayəndəliyinin tələbləri” (Memorandumu) tuturdu. Memorandumun 9-cu bölməsi “Azərbaycan Respublikasının ərazisi”, 10-cu bölməsi isə “Azərbaycan Respublikasının ərazisi və əhalisinin sayı” adlanırdı. Bu bölmələrdə tarixilik və etnik tərkib prinsipləri əsas götürülməklə Azərbaycana məxsus ərazilər aydın şəkildə göstərilirdi. Memoranduma əlavə olunmuş xəritədə o da göstərilirdi ki, Azərbaycan şərqdə Xəzər dənizi, şimalda Dağıstan, Şimali Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, Cənubda İranla həmsərhəddir. Burada xüsusi olaraq vurğulanırdı ki, Azərbaycanın Ermənistanla sərhəddi ermənilərin sonradan “Sevan” dedikləri Göyçə gölünün ortasından keçir. Sənəd müəllifləri əyani şəkildə göstərdilər ki, Azərbaycanın real hakimiyyəti altında olan mübahisəsiz ərazi 94,1 min kv.km, əsassız olaraq mübahisəli hesab edilən ərazilərlə birlikdə isə 150,1 min kv.km təşkil edir. Bu, bütün Qafqazın 247,3 min kv.km-lik ərazisinin 60 faizini, Cənubi Qafqazın 186 kv.km-lik ərazisinin isə 80 faizini təşkil edirdi. Tarixi ədalət Qafqazın, o cümlədən Cənubi Qafqazın həqiqi sahiblərinin haqqının tanınmasını tələb edirdi. Təəssüf ki, böyük dövlətlər bu haqqın tanınmasında maraqlı deyildilər, ermənilər də bundan maksimum yararlanmağa çalışırdılar və bu gün də çalışırlar.
Bütün bu kəm- kəsirlərə, ziddiyyətli məqamlara baxmayaraq, beynəlxalq birlik 1920- ci il yanvarın 11- də Azərbaycanın öz tarixi torpaqlarında dövlət qurmaq, dövlətçiliyini bərpa etmək haqqını tanımaq zorunda qaldı. Paris Sülh Konfransı həmin tarixdə Azərbaycan Demokratik Respublikasını de- fakto tanıdı. Bu, həm də Azərbaycanın sərhədlərinin, ərazi bütövlüyünün tanınması demək idi. Həmin sənədlərdə Azərbaycanın Ermənistanla sərhəddi, yuxarıda qeyd edildiyi kimi, Göyçə gölünün ortasından keçirdi. Biz bu gün dünya birliyinin qəbul etdiyi həmin sərhədlərin bərpa olunmasını tələb etməliyik.
Sovet Rusiyası Cənubi Qafqazı ələ keçirərək burada sovet respublikaları yaratdı, onların formal müstəqilliyini saxladı. Bu dövrdə sovet Ermənistanı ərazi iddialarını daha qabarıq şəkildə ortaya qoyurdu. İrəvanın hansı şərtlər daxilində onlara verildiyini ” unudaraq” , iddia edirdilər ki, Ermənistan çar Rusiyasının İrəvan quberniyasının ərazisində yaradılıb, ona görə də həmin quberniyanın bütün əraziləri ona birləşdirilməlidir. Misal üçün, deyək ki, Naxçıvan, Zəngəzur qəza statusunda həmin quberniyanın tərkibində idilər, indiki Türkiyənin İğdır vilayəti də İrəvan quberniyasının Sürməli qəzasından ibarət idi.
Regionun sovetləşməsi ilə yeni şərait yaranmışdı. Qərb dövlətləri Cənubi Qafqaza iddialarından, təsir dairəsi istəklərindən geri çəkilmişdilər. Regionun taleyi Türkiyə ilə Rusiya arasında müəyyənləşirdi. Atatürk Türkiyəsi və bolşevik Rusiyasının bir-birinə ehtiyacı var idi. Rusiya öz maraqları ilə yanaşı Ermənistan və Gürcüstanın maraqlarını müdafiə etməyə, Türkiyə isə Azərbaycanın vəziyyətdən az itkilərlə çıxmasını istəyirdi. Naxçıvan, Zəngəzur, Qarabağın dağlıq hissəsi, Batum, Aleksandropol ( Gümrü) əsas mübahisə obyektləri idi. Heç bir regionla bağlı birmənalı fikir yox idi. Türkiyə və Rusiya münasibətləri gərginləşdirməməyə, qarşılıqlı güzəştlərə getməyə meyilli idilər. Hər ikisi Qərbin təzyiqlərinə qarşı müttəfiq olmaq zorunda idilər. Türkiyə Naxçıvanın Ermənistana verilməsinə heç cür razı deyildi, bunu onun həm özünün, həm də Azərbaycanın maraqları tələb edirdi. Türkiyə rəhbərliyi Naxçıvanın Azərbaycan tərkibində saxlanılmasının mümkünsüzlüyü şəraitində onu özünə birləşdirmək variantını da nəzərdən keçirirdi. Rusiya rəhbərliyində bu məsələlərlə bağlı vahid fikir yox idi. Məsələn, Q. Orconikidze belə bir təkliflə çıxış edirdi ki, ” Naxçıvanla Zəngəzur Ermənistana verilsin, sonra Azərbaycanın tərkibində Qarabağın dağlıq hissəsinə muxtariyyət verilsin.” Təxminən həmin vaxtda Rusiya KP MK Qafqaz bürosunun və Azərbaycan KP MK Siyasi bürosunun İ. Stalin, Q. Orconikidze, Ə. Qarayev, Qabrielyan və digərlərinin iştirakı ilə birgə iclasında( 4 noyabr 1920- ci il) fərqli qərar qəbul olundu: ” Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi siyasi və strateji cəhətdən sərfəli deyildir və yalnız ən son halda baş tuta bilər.” Burada nəyin nəzərdə tutulduğu aydındır, Ermənistan hələ Rusiyanın nəzarətinə keçməmişdi, sovetləşdirilməmişdi. Ona görə də həmin ərazilərin Ermənistana verilməsi hələlik nəzərdə tutulmurdu.
Rusiya 1920- ci il noyabrın 28- də Ermənistanda çevriliş edərək hakimiyyəti götürdükdən sonra həmin ərazilərin Azərbaycandan qoparılaraq Ermənistana verilməsi üçün təzyiqləri gücləndirdi. Azərbaycan rəhbərliyinin bir anın içərisində yumşalması, Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsinə, Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyinetmə hüququnun tanınmasına dair bəyanatla çıxış etməsi bu təzyiqin nəticəsi idi, yoxsa başqa amillər də var idi, aydın deyil. Hər halda birmənalı fikir söyləmək çətindi. Bu mövqe hamı üçün gözlənilməz oldu, hətta Ermənistan rəhbərliyi də təəccüb içərisində idi, başa düşmürdülər ki, dünənə qədər tam sərt mövqedə dayanan N. Nərimanovu bu qədər ” səxavətli” olmağa nə vadar edib. Hər halda fakt olaraq qalır ki, Azərbaycan KP MK Siyasi və təşkilat bürolarının 30 noyabr 1920- ci il tarixli qərarında göstərilirdi ki, Ermənistanda Sovet hakimiyyətinin qələbəsini alqışlayır, bu münasibətlə Zəngəzur və Naxçıvanı Ermənistana verir, Qarabağın dağlıq hisəsinə isə öz müqəddəratını təyinetmə hüququ tanınır. Bu məzmunda bəyanatın hazırlanması və Bakı sovetinin təntənəli iclasında təqdim olunması N. Nərimanova tapşırıldı. N.Nərimanov ertəsi gün, dekabırın 1-də Bakı sovetinin iclasında eyni məzmunda bəyanatla çıxış etdi və həmin bəyanat əsasında qətnamə qəbul olundu. Bir gün sonra, dekabırın 2-də Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında hərbi-siyasi müqavilə imzalandı və həmin sənəddə Rusiya Naxçıvanı və Zəngəzuru Ermənistanın ərazisi kimi tanıdığını qeyd etdi.
Bir məsələ aydındır ki, bir neçə gün ərzində həmin ərazilərin Ermənistana verilməsi Rusiyanın planı idi. Rusiya həmin qərarı tez-tələsik Azərbaycan hökumətinin dilindən aldı, sonra isə dərhal Ermənistanla imzaladığı müqaviləyə daxil etdi. Belə görünür ki, bu, Rusiyanın erməni kommunistlərinə verdiyi vəd idi. Aydın olmayan odur ki, nə üçün Azərbaycan rəhbərliyi bu qədər asanlıqla razılaşdı. Türkiyəni başa düşürük, Rusiya bu addımı yeganə müttəfiqi Türkiyə ilə razılaşdırmadan atmışdı. Türkiyə məsələdən xəbər tutan kimi ciddi müqavimət göstərdi, Naxçıvanı və Zəngəzurun bir hissəsini xilas edə bildi. Burada bir məsələni xüsusi olaraq vurğulamaq istəyirik ki, bu ərazilərin Ermənistana verilməsi ilə bağlı Azərbaycanın qanunverici orqanının heç bir sənədi yoxdur, yalnız partiya qərarları, bir də Bakı sovetinin qətnaməsi və N.Nərimanovun İnqilab Komitəsi adından verdiyi bəyanat ortadadır. Bu sənədlərin isə heç bir qanuni gücü yoxdur. Regionda mübahisəli ərazilərin taleyi Türkiyə ilə Rusiya arasında danışıqlar, qarşılıqlı güzəştlər nəticəsində həll olundu. Müzakirələr və danışıqların nəticəsi olaraq Türkiyə və Rusiya arasında Moskva müqaviləsi (16 mart 1921-ci il), bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan olmaqla və Rusiyanın iştirakı ilə Qars müqaviləsi (13 oktyabr 1921-ci il) imzalandı. Əsilndə, bu müqavilələrin mahiyyəti Azərbaycan ərazilərinin hansılarının Ermənistana verilməsindən, hansılarının Azərbaycanın tərkibində saxlanılmasından ibarət idi. Rusiya Türkiyəyə bir sıra ərazi güzəştlərinə getməklə bəzi Azərbaycan torpaqlarının Ermənistana verilməsinə nali oldu. Qars müqaviləsi xırda əlavələrlə Moskva müqaviləsinin təkrarı idi. Rusiya bu müqavilələrlə Qars, Ərdahan və Artvinin Türkiyəyə qaytarılmasına razılıq verirdi. Batum ətraf əraziləri ilə birlikdə Gürcüstana verilir, orada Acarıstan muxtar vilayəti elan olunurdu. Tuzluca və 1828-ci ildən bəri Rusiyanın hakimiyyəti altında olan İğdır(Rusiyanın tərkibindəki İrəvan quberniyasının Sürməli qəzası) Türkiyəyə verildi. Ən vacib məsələ-Naxçıvanın muxtar statusla Azərbaycanın tərkibində qalması Qars müqaviləsinin 5-ci bəndində öz əksini tapdı. İlk vaxtlarda Naxçıvanın Türkiyə ilə birbaşa quru əlaqəsi yox idi. Kamal Atatürkün İran şahı Rza Pəhləvi ilə danışıqları ərazi mübadiləsi ilə nəticələndi.1930-cu ildə Azərbaycanla Türkiyə arasında 11km-lik sərhəd xətti yarandı. Türkiyə bunun əvəzində özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Qars müqaviləsinə görə, Zəngəzurun Mehri-Nüvədi hissəsi də Azərbaycanın tərkibində qaldı. Bu, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru sahənin saxlanılması demək idi. Bu ərazi də İranla həmsərhəd idi. Türkiyə həmin istiqamətdə də İranla ərazi mübadiləsi edib, Türkiyəni Azərbaycanla birləşdirən torpaq zolağını əldə etmək istəyirdi. Lakin Rusiyanın sonrakı addımları bu planı pozdu.
Qars müqaviləsi müddətsiz imzalanıb. Və tərəflərdən heç biri bunu ləğv edə bilməz. Müqavilə 1922-ci ilin mart –iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabırın 11-dən qüvvəyə minib. Rusiya Türkiyə və digər ölkələrlə razılaşdırmadan dərhal Qars müqaviləsini pozmağa başladı. Rusiyanın təşəbbüsü ilə müqavilə təsdiqlənəndən az sonra Azərbaycana məxsus Dərələyəz bölgəsi Ermənistana verildi.
Qars müqaviləsinə əsas qəsd 20-ci illərin sonlarında başladı. Zaqafqaziya MİK Rəyasət Heyətinin 1 yanvar 1927-ci il tarixli qərarı ilə Azərbaycanın Mehri-Cəbrayıl qəzasından 24 kənd, həmin orqanın 20 iyun 1927-ci il tarixli qərarı ilə Zəngəzur və Kürdüstan qəzalarından 1.065 desyatin ərazi Ermənistana verildi. Yenə həmin orqanın 18 fevral 1929-cu il tarixli qərarı ilə Ermənistanın tərkibində Mehri rayonu yaratmaq adı altında Zəngilanın Nüvədi, Erkəzir, Tuğut kəndləri Ermənistana verildi. Qars müqaviləsinə görə Azərbaycanın tərkibində olan Mehri, Nüvədi, Əldərə, Lehvaz, Astazur və digər kəndlərin Ermənistana verilməsi hesabına 1929-1931-ci illərdə Mehri rayonu yaradıldı. Bu kəndlərin əhalisinin hamısını azərbaycanlılar təşkil edirdi. Yuxarıda qeyd olunan 18 fevral 1927 –ci il tarixli qərarla Naxçıvanın 657 kv.kilometrlik ərazisi –Şərurun 3, Şahbuzun 6 kəndi, Ordubadın bir neçə kəndi Ermənistana verilib. Yenə də həmin qurumun 5 mart 1938-ci il tarixli qərarı ilə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı ərazilər Ermənistana verilib.
Rusiyanın Ermənistanla birlikdə törətdikləri bu qanunsuz hərəkətlər Azərbaycan üçün ciddi ərazi itkiləri, həmçinin Azərbaycanın Naxçıvanla quru əlaqəsinin tam kəsilməsi demək idi. Bu əlaqə yalnız dəmir yolu vasitəsi ilə həyata keçirilirdi, o da Ermənistan ərazilərindən (yəni qeyri-qanuni zəbt olunmuş ərazilərdən) keçirdi. Rusiya və Ermənistan bu hərəkətləri ilə Qars müqaviləsini kobud şəkildə pozdular. Azərbaycan və Türkiyə Qars müqaviləsinə əsaslanaraq həmin ərazilərin qaytarılmasını tələb etməlidir. Qars müqaviləsi regionda stabilliyin, təhlükəsizliyin, normal qonşuluq münasibətlərinin təminatı olaraq imzalanıb. Ona görə də Qars müqaviləsinin hərfi və ruhuna əməl olunmalıdır. Ermənistan Rusiyanın dəstəyi ilə ötən əsrin 20-ci illərindən başlayaraq Azərbaycan torpaqlarını zəbt etməklə, son olaraq Qarabağda törətdiyi işğal və təcavüz hərəkətləri ilə bu müqaviləni kobud şəkildə pozub. Yalnız həmin ərazilərin hamısı Azərbaycana qaytarıldıqdan sonra regionda sülh, əmin-amanlıq bərqərar olacaqdır.
Akif Nağı

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.