İranda baş verən son hadisə , erməni təxribatı nəticəsində Ermənistanın baş nazirinin İrana səfəri zamanı orada yaşayan erməni icmasının nümayəndələri tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin «əskisinin » və » Qarabağ Ermənistanındır» yazılmış plakatın açılması ilə bağlı 20 ildən çoxdur təbliğ etdiyimiz milli ideya məsələsinə bir daha qayıdıram.
İranda, Gürcüstanda, Rusiyada baş verən son hadisələr, həmçinin Bakıda sentyabrın 29-da keçirilən Qarabağ mitinqi əyani şəkildə göstərdi ki, Azərbaycanda və bütün dünyada yaşayan azrbaycanlıları birləşdirən əsas və yeganə milli ideya Qarabağ , Qarabağın azadlığından ibarətdir.Biz bunu illərdi Azərbaycanda, İranda, Türkiyədə , Rusiyada hər yerdə təbliğ edirik. Vaxt var idi , Gürcüstanda biz Qarabağın azadlığı naminə bütün azərbaycanlıların birləşməsinin vacibliyini deyəndə , bizə cavab verirdilər ki, bizi bu işə qatmayın, yaxud Azərbaycanda bizi bəziləri ittiham edirdilər ki, Gürcüstanın Qarabağa nə dəxli var. Bu təbliğata görə mənim Gürcüstana girişimə qadağa qoydular, 5 ildi məni Gürcüstana buraxmırlar. Amma səpdiyimiz toxumlar nəticəsini verir, bu gün Gürcüstanda əksəriyyət Qarabağ tələbini qoyur. Bir neçə gün əvvəl borçalılar məhz Qarabağ məsələsinə, Xocalıda qətl törətmiş erməni qatilinə abidə qoyulmasına görə bir araya gəldilər, tələblərini irəli sürdülər. Moskvada azərbaycanlılarla çeçenlər arasındakı münaqişənin ermənilər tərəfindən törədildiyi ortaya çıxanda bütün azərbaycanlılar bir araya gəldilər , hədəf ermənilər və ermənipərəst Ağadadaş oldu. Avropada bütün azərbaycanlılar birləşərək Ümumavropa Qarabağ mitinqi keçirdilər. İranda azərbaycanlılar məhz Qarabağ məsələsində görünməmiş birlik nümayiş etdirərək , erməni təxribatına qarşı çıxdılar. Azərbaycanda 29 sentyabr Qarabağ mitinqi indiyə qədər görünməmiş milli birliyin nümayişi oldu. Bütün müxalif partiyalar , hakim partiyalar, Qarabağ döyüşçüləri mittinqə dəstək verdilər və iştirak etdilər. YAP, AXCP, Musavat və digərləri mitinqi birmənalı dəstəklədilər, bu, Qarabağ naminə milli birlik demək idi. 1988-ci ildən bu günə qədər hakimiyyətlə xalqın , xalqın bir hissəsi olan müxalifətin belə bir birliyi olmamışdı.
Deməli, Azərbaycanda və bütün dünyada azərbaycanlıları birləşdirən milli ideya Qarabağdır. Son hadislər bir məsələni də ortaya gətirdi ki, bütün dünyada Qarabağın azadlığına çalışan azərbaycanlılar bu işi yaşadıqları ölkələrin hakimiyyətinə arxalanaraq həyata keçirməlidirlər.
Azərbaycanlı hansı ölkədə yaşayırsa, o ölkənin vətəndaşı kimi fəaliyyət göstərməli , o ölkəyə inteqrasiya etməli, o ölkənin güclənməsinə çalışmalıdır. Gürcüstanda erməni qatilinə qoyulan abidəyə qarşı çıxan soydaşlarımız gürcü xalqı ilə birlikdə hərəkət etdilər, keçirdikləri mitinqdə gürcülər də iştirak və çıxış etdılər, hakim gürcü partiyasının azərbaycanlı və gürcü deputatları erməni abidəsinə qarşı birlikdə bəyanat verdilər. Biz də Bakıda Gürcüstan səfirliyi qarşısında aksiya keçirib, Azərbaycan- Gürcüstan dostluna qarşı yönəlmiş erməni təxribatına yox demək istəyirdik. Bəzi «ağıllılar» buna imkan vermədilər . Amma biz QAT olaraq münasibətimizi bildirdik. Moskvada azərbaycanlıları çeçenlərlə üzüzə qoymuş erməni təxribatının da qarşısını soydaşlarmız Rusiya hakimiyyəti və rus nümayəndələri ilə birlikdə aldıiar. Rusiyaya bir neçə ay əvvəl etdiyim son səfər zamanı çox müsbət prosesi müşahidə etdim. Ordakı dostlarımız artıq belə bir fikrə sahibdirlər ki, Rusiyada yaşayırıq, bu ölkəyə inteqrasiya olunmalı , mövqe tutmalıyıq. Onlar ordakı həyatlarına artıq müvəqqəti hal kimi baxmırlar, bir az pul qazandım qayıdım Azərbaycana qaçım , vəzifə tutum demirlər. Həyatlarını tam şəkildə orda qururlar, artıq övladları vacib vəzifələrdə çalışırlar.
Eyni zamanda mədəni-mənəvi-milli dəyərlərini də qoruyub saxlayırlar. Hesab edirəm ki, düzgün tendensiyadı və digər ölkələr üçün də örnək ola bilər. Bunu artıq bəzi Avropa ölkələrində də müşahidə etmək olar. Soydaşlarımız orada artıq sürücülük , alver , yükdaşiyan kimi işlərlə kifayətlənmir , sürətlə yaşadıqları ölkələrə inteqrasiya edir , özləri , övladları deputat , dövlət məmuru , hüquqşünas və sair olmağa çalışırlar. İranda da son hadislərlə bağlı soydaşlarımız İranı , öz ölkələrini sevən vətəndaşlar kimi hərəkət etdilər , həm erməni təxribatına qarşı aksiyalar keçirdilər , həm hakimiyyət orqanları ilə təmasa girib məsələyə aydınlıq gətirdilər . Bununla da İranla Azərbaycan arasında münasibətləri gərginləşdirmək istəyənlərin niyyətlərini dəf etmək üçün töhfələrini verdilər.
Bütün ölkələrdə soydaşlarımızın məhz bu mövqedə olmaları ümımi işlərimizə daha çox xeyir gətirə bilər. Burada vacib bir məsələnin üzərinə gəlirik. Bu, xarici ölkələrdə yaşayan soydaşlarımızla bağlıdır. Onlar həmin ölkələrdə özlərini necə aparmalıdırlar və bizim onlarla bağlı siyasətimiz necə olmalıdır? Bir qədər yuxarıda da qeyd etdiyim kimi, biz xarici ölkələrdəki soydaşlarımıza həmin ölkə əhalisinin , həmin ölkələrin özünün bir üzvi hissəsi kimi baxmalıyıq. Onlar öz ölkələrinin inkişafı naminə çalışmalı , eyni zamanda Azərbaycanda və başqa ölkələrdə yaşayan soydaşları ilə mədəni-mənəvi-milli əlaqələri saxlamalıdır. Bu, dünya azərbaycanlılarının mədəni-mənəvi-milli birliyi deməkdir. Biz bu birliyin əldə olunması istiqamətində çalışmalıyıq. Soydaşlarımızın yaşadıqları ölkələrə , məsələn , İrana , Gürcüstana , Rusiyaya ərazi iddialarının irəli sürülməsi yanlış və zərərli ideyadır. Yanlışlıq ondan ibarətdir ki, başqa dövlətlərin ərazi bütovyyünə hər hansı ad altında qəsd dünya birliyi , beynəlxalq hüquq tərəfindən qəbul edilmir , həmçinin ciddi sübutlara , faktlara , arqumentlərə söykənmir.
Zərərlidir ona görə ki, bizi əsas hədəflərimizdən yayındırır, qonşu ölkələrlə düşmən münasibətləri yaradır. Xeyli müddətdi təbliğ olunan «Bütöv Azərbaycan» ideyası həmin yanlış və zərərli ideyaların ümumiləşdirilmiş formasıdır. Bu ideyanı ortaya atanlar onun milli ideyaya çevriləcəyinə ümid edirdilər , amma elə olmadı , bu gün bu ideya çox az adam tərəfindən müdafiə olunur.
Baxın, Qarabağ milli ideyası bütün dünyada azərbaycanlıları necə birləşdirir, «Bütöv Azərbaycan » ideyası ilə bağlı bunu müşahidə etmirik. Bu ideyanın tərəfdarları ilk vaxtlar dünya azərbaycanlılarını birləşdirmək məqsədlərini açıqlayırdılar , əslində bu ideya İranın ərazi bütövlüyünə qarşı yönəldi , «Bütöv Azərbaycan» deyəndə Azərbaycan respublikası ilə İranın şimal hissəsinin , azərbaycanlıların tarixən yaşadıqları ərazilərin birləşdirilməsini nəzərdə tutduqlarını göstərdilər. Bu təşəbbüs həm də bu cəhətinə görə milli ideya səviyyəsinə yüksələ bilmədi. «Cənubi Azərbaycan » və ya «Güney Azərbaycan » ideyasını heç kəsin adına yazmağa ehtiyac yoxdu,ideya SSRİ KQB- sinə məxsusdu və 1945-ci ildə İranın bir hissəsini SSRİ-yə birləşdirmək üçün irəli sürülmüşdü. O vaxt bu ideyanın həyata keçirilməsi yarımçıq qaldı. İkinci dəfə həmin ideya 1950-ci illərin sonunda Moskva tərəfindən ortaya atıldı , məqsəd həmin dövrdə ABŞ-a ciddi şəkildə yaxınlaşmış İran rəhbərliyinə təzyiq etmək idi. Bu ideya növbəti dəfə 1990-cı illərin əvvəlində İranı sevməyən bəzi dövlətlər tərəindən təzyiq vasitəsi kimi yenidən ortaya gətirildi. Bu ideya Azərbaycanın maraqlarına cavab vermir , müəyyən maraqlı mərkəzlər və dövlətlər tərəfindən İrana və Azərbaycana zərər yetirmək üçün dövriyyəyə buraxılıb.
«Bütöv Azərbaycan » ideyası həm də «Böyük Ermənistan » ideyasından qaynaqlanır. Bir mənalı şəkildə aydındır ki, «Böyük Ermənistan» ideyası ermənilərə məxsus deyil və ermənilərə çox böyük ziyanlar gətirib. Bu ideya ermənilərə Osmanlı dövlətinin çökməsini istəyən dövlətlər, onların yaratdıqları mərkəzlər tərfindən sırınıb . Həmin qüvvələr bu ideyaları qəbul etmiş ermənilərdən Osmanlı dövlətini dağıtmaq üçün alət kimi istifadə ediblər. Həmin qüvvələr istəklərinə müəyyən qədər nail oldular ,əli boşda qalan ermənilər oldu. 1913-cü ildə Türkiyədə ermənilərin sayı təxminən 1milyon 300 min idi. Bu o dövr uçün böyük rəqəm idi , əgər etdikləri xəyanətə görə az sonra oradan köçürülməsəydilər , yeni Türkiyənin ikinci ən böyük toplumu olar və bundan geniş şəkildə yararlana bilərdilər. Amma bu ideya onları məhv etdi , bu gün də məhv etməkdə davam edir.
Azərbaycanlılara sırınmış eynı məzmunlu ideya da bizə yaxşı heç nə vəd etmir. 1945-ci ildə minlərlə soydaşımız yurdunu tərk etdi ,bu gün yüz minlərlə İranlı soydaşımız dünyanın müxtəlif yerlərinə səpələnib. Bəzi beynəlxalq güclər bir də təkan versələr Arazın o tayında azərbaycanlı qalmayacaq.Bu proses Gürcüstanda ,Dağıstanda da gedir. Yanlış ideyalar faciəli nəticələrə gətirir. Proseslər vaxtında düzgün istiqamətə yönəldilməlidir. Mən vaxtilə «Qarabağın azadlığı Təbrizdən keçir» şüarının da yanlış olduğunu demişdim. Təbrizə , Borçalıya , Dərbəndə gedən yol Qarabağdan keçir. Mənim mövqeyim belə olub. Qarabağı bütün dünyadakı soydaşlarımızın birgə mübarizəsi ilə azad edib, Təbrizdə, Borçalıda, Dərbənddə — bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi-milli birliyinə nail olacağıq. Vəziyyətdən çıxış yolu Qarabağ Milli İdeyasında , bu ideyanın geniş təbliğindədir. Qarabağa Azadlıq Milli İdeyası artıq bütün dünya azərbaycanlılarını bir araya gətirməkdədir. Bu ideya ətrafında birləşməli və bütün dünya azərbaycanlılarının mədəni-mənəvi-milli birliyinə nail olmalıyıq.
Akif Nağı. 03.03. 2019
Количество просмотров: 1 047