Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları

2018-ci ilin dekabrında “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)
I hissə» adlı yeni bir kitabımın nəşrindən sonra üzləşdiyim bəzi hadisələr məni nəinki təəccübləndirdi, tam əskinə tutduğum milli yolun doğruluğunu bir daha təsdiq etdi. Milli yol dediyimiz, hər bir məqaləmizdən tutmuş kitablarımızda, yerli konfraslardan tutmuş beynəlxalq konfranslarda Azərbaycan xalqının, Azərbaycan türklərinin keçmiş dövlətçilik əzəmətini bərpa etmək üçün vahid milli tarixi, milli ədəbiyyatı, xüsusilə də milli fəlsəfəni (milli fəlsəfə tarixini) və bu kimi milli-mənəvi dəyərlərimizi ortaya qoymaqdır.
Başqa sözlə, milli yolumuz Qərb-Avropa və Rusiya metodologiya¬ların¬dan mümkün qədər, uzaq durmaqla Azərbaycan milli konsepsiyasını, Azərbaycan milli metodologiyasını daha da təkmilləşdirmək və natamamlıq kompleksindən qurtulmaqdır. Çünki milli konsepsiyadan hərəkət etməyən bir toplum üçün natamamlıq kompleksi davam edir və bu davam etdikcə Qərbə, Rusiyaya, Çinə, İslam dünyasına və başqa dünyalara inteqrasiya olmaq daha çox ön planda olur. Şübhəsiz, zaman zaman inteqrasiya istiqamətləri də dövrün məcburi geosiyasi şərtləri altında yer dəyişdirir. Məhz belə bir şəraitdə daha dayanıqlı olmaq və gələcəyə doğru daha ümidli getmək üçün milli metodologiyadan, milli konsepsiyadan çıxış etmək son dərəcə önəmlidir.
Böyük Azərbaycanımızın kiçik bir qismində müstəqilliyimizi bərpa etdikdən sonra (1991) milli konsepsiyanın formalaşması istiqamətində mühüm addımların atılması danılmazdır. Milli konsepsiyanın formalaşması istiqamətində azərbaycançılıq və türkçülük ideyalarının ifrat şəkildə qarşı-qarşıya qoyulması doğru olmasa da, ancaq müəyyən fərqlilklərin (milli dilin adının və milli kimliyin necə adlandırılmasının, Azərbaycan və İran anlayışlarının, tarixi şəxsiyyətlər və mütəfəkkirlərə sahiblənmə ya da inkarçılığın, qədim dövr və orta əsrlərdəki dövlətlərə yanaşmaların, “gəlmə” və “yerli” xalqlar məsələsinin və s. ) olması da təbiidir. Çünki məhz fərqliliklər daha sağlam ideyaların ortaya çıxması və inkişafı üçün lazımdır. Burada önəmli olan əsas məsələ odur ki, kimlər üçün bu fərqliliklər milli konsepsiyanın formalaşması, kimlər üçün isə formalaşmaması, daha dəqiq desək antaqonist səviyyəyə qədər yüksəldilməsi üçün istifadə olunur. Buna səbəb də odur ki, azərbaycançılıq və türkçülük ideyaları arasındakı fərqləri müsbət istiqamətə yönəldənlər üçün önəmli olan “tarixi-coğrafi Azərbaycan”ın və onun xalqının bütün anlamlarda bir olması olduğu halda, həmin fərqlilikləri mənfi istiqamətə yönəldənlər üçün iki və daha çox Azərbaycan, “İran İslam Respublikası”, Rusya Federasiyası, İraq gerçəkliyi və bunun kimi digər praqmatik məsələlər var.
Deməli, birinci halda, önəmli olan Azərbaycan xalqının təxminən iki əsr bundan əvvəlki siyasi, iqtisadi, mədəni, fəlsəfi, çoğrafi sahələrdəki birliyini, vahidliyini, bütünlüyünü yenidən bərpa etməkdir. Bunun üçün də, ilk növbədə şüurlarımıza yeridilmiş yad ideyalardan, yad metodlardan qurtulub daima bir-birinin eyniliyi olmuş Azərbaycan və Türk ideyalarının sintezindən çıxış etmək, yəni bu anlayışların istər hərfi, istərsə fəlsəfi anlamda yenidən bir-birinin tamamlanmasına çalışmaqdır. Çünki son əsrlərdə, Azərbaycan və Türk sintezinin əleyhdarlarının şüurlarımıza yeritdiyi əsas zərərli ideyalardan biri də, əsasən Azərbaycan anlayışını irandilli (avropamərkəzçilik) dillərdə izah etmək, eyni zamanda “tarixi-coğrafi Azərbaycan”da sayca azlıq təkil edən etnosları, etnik qrupları da “gəlmə”, “barbar” türklərə qarşı qoymaq olmuşdur.
Beləliklə, ikinci halda, Azərbaycan və Türklük ideyalarını qarşı-qarşıya qoymaq üçün əvvala, “Azərbaycan” anlayışı Türk dillərində deyil, Hind-Avropa dillərində izah olunur, üstəlik Hind-Avropa mənşəli, eyni zamanda Qafqazdilli xalqlar və etnoslar bu bölgənin yerli, yaxud da daha qədimdən gəlmiş “yerli”, türklər isə onlardan çox sonra gəlmiş “vəhşi”, “barbar” xalqlar kimi qələmə verilmişdir və verilməyə də davam edir. Burada ən zərərli ideyalardan biri də odur ki, guya, “yerli” Qafqazdililəri, ya da daha qədimdən “yerli” olmuş İrandilliləri (hind-avropalıları) çox sonralar buraya gəlmiş “barbar”, “vəhşi” türk xalqları zorla türkləşdiriblər. Başqa sözlə, Qərb, Rusiya tarixçiliyi ən azı iki əsrdən çoxdur dünyaya sübut etməyə çalışır ki, Azərbaycana, Xorasana, Anadoluya, İraqa, Suriyaya orta əsrlərin başlarından etibarən əvvəlcə az-az, daha sonra kütləvi şəkildə köç edən “gəlmə”, “barbar” türklər buralarada zorla türkləşdirmə siyasəti aparıblar, yəni qafqazdilliləri və irandilliləri zorla türkşləşdirib, türk dilində danışmağa məcbur ediblər.
Şübhəsiz, Qərb və Rusiya tarixçiləri, ideoloqları, eyni zamanda onların təsiri altında olanlar tərəfindən Türk xalqlarının bu coğrafiyalara, o cümlədən Azərbaycana “gəlmə” olması ideyasının aparılması Türk olmayan digər xalqlarda və etnoslarda “barbar” türklərə qarşı nifrət hissinin aşılanmasına xidmət etmişdir və edir də. Xüsusilə də, “gəlmə”, “barbar” Türk xalqlarının, onların hökmdarlarının qan içən, başkəsən, vəhşi obrazlarda qələmə verilərək, zorla türkləşdirmə siyasətindən eninə-boluna bəhs olunması Türk xalqlarına qarşı nifrəti durmadan artırmışdır. Çünki Qərb, Rusiya konsepsiyalarında adətən Qafqazdilli, İrandilli (hind-avropalılar), Samidilli xalqlar Türk xalqlarına nisbətdə daha mədəni, sivil xalqlar və etnoslar kimi təqdim olunur ki, bunun fonunda həmin xalqlar onları “zorla” türkləşdirmiş “gəlmə”, “barbar” türklərdən hər bir fürsətdə intiqam almağa çalışırlar.
Deməli, son iki əsrdir ən azından Qərb və Rusiya qeyri-türk xalqların (qafqazdilli, irandilli, ərəbdili, samidilli və b.) himayəçisinə çevrilərək onları “gəlmə” və “vəhşi” Türk xalqların əsarətindən qurtaracağına əsasən inandıra bilmişdir. Hər halda, Qərb və Rusiyanın bu sahədə apardığı hərbi-siyasi oyunların nətcəsi olaraq 1925-ci ildə Qacar Türk dövlətinin devrilərək yerində Ariyançı (hind-avropalı) Pəhləvilərin gətirilməsi, eyni zamanda keçmiş Səfəvi Türk dövlətinin ərazisinin bir qismində Gürcüstan (Qafqazdilli) və Ermənistan (Hind-Avropa) dövlətlərinin yaradılması təsadüfi olmamışdır. Buna paralel olaraq da, 20-ci əsrin əvvəllərində Osmanlı dövlətinin yerində ərəbdilli Suriya, İraq, Misir dövlətlərinin meydana çxması və indi də Kürdüstan (hind-avropa) projesinin ortaya atılması, ilk növbədə türksüzləşdirmə siyasəti ilə bağlıdır.
Hesab edirəm ki, əgər biz Qərb və Rusiyanın başını çəkdiyi “gəlmə” və “barbar” türklərin “zorakı türkləşdirmə” məsələsinin əsil mahiyyətini ortaya çıxarmadıqca, yəni əslində qədim dövrlərdə bu çoğrafiyada türkləşdirmə deyil, əslində son iki-üç əsrdə türksüzləşdirmə prosesinin getdiyini tam çılpaqlığı ilə dərk etmədikcə, bu bölgənin problemləri həll olunmayacaq, münaqişə ocaqları azalmaq əvəzinə daha da artacaqdır.
Fikrimizcə, son iki əsrdə bizi daha çox maraqlandıran bölgədə, yəni vaxtilə Qəznəvilər, Səlcuqlar, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar türk dövlətlərinin hakim olduqları coğrafiyada əvvəlcə dünyanın tanıdığı Ermənistan, Gürcüstan, daha sonra isə tanımadığı qondarma “Dağlıq Qaqrabağ”, “Abxaziya”, “Cənubi Osetiya” kimi rejimlərin ortaya çıxması, üstəlik digər qondarma “dövlət”ciklərin qurulması istiqamətində də hazırlıq işlərinin görülməsi, yenə də türksüzləşdirmə siyasəti ilə bağlıdır. Bu o deməkdir ki, Qərb metodologiyası Sami xalqlar arasında, xüsusilə ərəbdillilərin yaşadığı coğrafiyalarda xeyli dərəcədə türksüzləşdirmə siyasətini uğurla həyata keçirdikdən sonra, indi daha çox irandillilərin, qismən də qafqazdillilərin yaşadığı çoğrafiyalarda türksüzləşdirmə siyasətini aparmaqdadır. Bu məsələdə Qərb dövlətləri ilə Rusiya Federasiyasının maraqları bir çox hallarda üst-üstə düşməsədə, ancaq prinsip etibarilə türksüzləşdirmə siyasətində ortaq mövqe tutmaqdadırlar. Çünki onları daha çox narahat edən əsas məsələ ərəbdilli, irandilli, qafqazdilli, rusdilli çoğrafiyalarda yaşayan türk xalqlarının (çünki həmin çoğrafiyalarda indiyə qədər aparılmış və aparılmaqda olan türksüzləşdirməyə baxmayaraq, yenə də onlara əsas alternativ olan türkdilli, türksoylu xalqların varlığı məsələsi var) yenidən toparlanıb, dünyada super güclərdən birinə çevrilməsidir.
Biz də, zərrə qədər şübhə etmirik ki, Türk xalqlarının dünyada yeni bir gücə çevrilməsi yolunda “tarixi-coğrafi Azərbaycan”ın və Azərbaycan türklərinin önündə çox ciddi bir missiya dayanmaqdadır. Bu missiya da ondan ibarətdir ki, Sovet Rusiyasının müstəmləkəçiliyindən qurtularaq Böyük Azərbaycanın kiçik bir hissəsində, yəni Azərbaycanın quzeyində milli müstəqilliyini bərpa etmiş Azərbaycan türkləri, Azərbaycan xalqı, onun tarixən və dövlətçilik baxımından ayrılmaz hissəsi olan Azərbaycanın güneyində və digər ərazilərində də ağalığını bərpa etməlidir. Ancaq Azərbaycanın quzeyində müsətqilliyimizi bərpa etmək bizə çox baha başa gəlmişdir ki (hər halda yanı başımızda dünyanın tanıdığı Hind-Avropa mənşəli bir Ermənistan olduğu halda, qondarma “Dağlıq Qarabağ” rejimi də faktiki olaraq ortaya qoyulmuş, digər separtçı qüvvələr üçün isə “təməl daşları” atılmışdır), Azərbaycanınn güneyində də yenə Hind-Avropa mənşəli xalqları, xüsusilə də kürdləri (baxmayaraq ki, kürdlərin bir qismi türk kökənlidirlər) türksüzləşdirmə, o cümlədən Azərbaycansızlaşdırma siyasətində istifadə etməyə çalışırlar.
Beləliklə, bu bölgədə tarixi, hüquqi varlığımızı yenidən ortaya qoymaq üçün iki önəmli ideya vardır: Azərbaycan və Türklük. Son iki-üç əsrdə Qərb və Rusiya ideoloqları tərəfindən ya Qordi düyünü kimi dolaşdırılan (Azərbaycan məsələsi), ya da nifrət obyektinə çevrilən (Türklük) də daha çox bu ideyalardır.
İndiyə qədər müəllifi olduğumuz bir çox məqalələrdə və kitablarda da əsasən “Azərbaycan məsələsi” və Türklük ideyalarına aydınlıq gətirməyə çalışmışıq. Azərbaycan və Türklüyün sintezindən bəhs edən kitab və məqalələrimizlə bağlı istər iclaslarda, istərsə də elmi konfranslarda, istərsə də elmi kitablar və məqalələrdə müsbət yanaşmalarla bərabər, tənqidlər də, bəzən də ifrata varan tənqidlər də az olmamışdır.
Hələ, 2014-cü ildə nəşr olunan “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» II hissə” kitabımın “Fəlsəfə və ictimai fikir tarix” şöbəsində və Fəlsəfə İnstitutunun Elmi Şurasında müzakirələri (ilk müzakirə 1 fevral 2013-cü il tarixli 1 saylı protokol, ikinci müzakirə 23 sentyabr 2013-cü il tarixli 7 saylı protokol və Elmi Şuranın 3 fevral 2014-cü il tarixli iclası) zamanı şöbənin və Elmi Şuanın bəzi əməkdaşları müəllifin əsərdə “Azərbaycan Türk filosofu”, “Azərbaycan Türk ideologiyası”, “Azərbaycan Türk mil¬ləti”, “Azərbaycan Türk dövləti”, “Azərbaycan Türk dili” və bu kimi söz birləşmələrində “Türk” sözünün işlədilməsini, “Azərbaycan dili”nin elə “Türk dili” olması ilə bağlı mülahizəmi məqbul saymamış, ümumilikdə kitabın Türklük ruhunda yazılmasına bu və ya digər formada etiraz etmişdilər. Bu məsələni müəyyən qədər, həmin kitab nəşr olunanda “Müəllifdən” olan giriş hissəsində də qələmə almışdım.
Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

İnterPosta.info

 

 

 

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.