Müasir dilçilik elmimizin görkəmli nümayəndəsi, akademik Nizami Cəfərovun “Kim Tərcümə Mərkəzinin “Sözlüyünü “plagiat” sayırsa, çox böyük səhv edir” məqaləsi ilə, bəlkə də, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün yaratdığı qızğın mübahisələrə yekun vurmaq olardı.
Çünki alim “Sözlüy”ə əsassız hücum edənlərə həqiqi dilçilik dərsi keçmiş, buna qədərki orfoqrafiya lüğətlərinin qüsurları barədə ciddi elmi mülahizələrini bildirərək, bu akademik işlə kəmsavadların deyil, yüksək intellektli elm sahiblərinin, peşəkar dil və ədəbiyyat mütəxəssislərinin məşğul olmasını tövsiyə etmişdi. Amma görünür, akademikin tövsiyə və iradları hələ də qəflət yuxusunda olanları ayıltmayıb, bu məsələdə açıq-aşkar birtərəfli və qərəzli mövqe tutanların təhriki ilə uğursuz polemikalara girişənlər də tapılıb. İş o yerə çatıb ki, adi vergüldən belə, başı çıxmayan, “ümumişlək termin”lə “sahəvi termin”in fərqini anlamayan, daim kimlərəsə hücum üçün fürsət axtaran Etibar Əliyev kimi “hərşeyşünaslar” da dərin dil mübahisələrinə qatılıb.
Təbii ki, belə davranışlar Mərkəzin, ikiillik ağır zəhməti hesabına, lüğətçilik tarixi və dil mənbələrinin geniş araşdırmaları nəticəsində ərsəyə gətirdiyi “Sözlüy”ü gözdən sala bilmədiyi kimi, Dilçilik İnstitutunun bərbad orfoqrafiya lüğətinə də bəraət qazandıra bilmir. Neçə illərdən bəri lüğətin qüsurlarının tezliklə aradan qaldırılacağını bəyan etsələr də, ortaya mükəmməl bir iş qoya bilməyən alimlərimiz çıxış yolunu ictimai fikri yayındırmaqda, baş qatmaq məqsədi ilə lüzumsuz polemikalar yaratmaqda görür, bununla komik vəziyyətlərə düşdüklərinin fərqinə varmırlar.
Lakin vəziyyət komik olduğu qədər də tragikdir. Çünki söhbət, ana dilimizdən – dövlət dilimiz olan Azərbaycan dilindən gedir.
***
Nəsimi adına Dilçilik İnstitutunun N.Cəfərova ünvanladığı xeyli mübahisəli, qeyri-elmi, dolaşıq fikirlər və cümlələrlə dolu olan “kollektiv cavabı”, hər şey bir yana qalsın, hörmətli dilçilərimizin, problemin mahiyyətini hələ də anlamadıqlarını və akademikin onlar barədə işlətdiyi “kəmsavadlar” ifadəsinin doğruluğunu bir daha təsdiqlədi. Burada inciməyin nə yeri var?
Bəli, akademik Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşlarına, “Sözlüy”ü gözdən salmaq cəhdi ilə müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış etmək əvəzinə, oturub elm öyrənməyi, savadlarını artırmağı tövsiyə etmiş, məlum mətləbləri çox sadə və aydın şəkildə açıqlayaraq, Dilçilik İnstitutunda oturub başqalarına dil və orfoqrafiya dərsi keçən, özü isə Azərbaycan dilinin elementar qrammatikasını bilmədiyindən, ortaya qrammatik xətalarla dolu, bisavad məqalələr qoyan alimləri “elm dəryası” yox, sadəcə “kəmsavad” adlandırmışdı.
Tətbiqi dilçilik şöbəsinin əməkdaşlarının “kollektiv cavab”ındakı məntiqsizlikləri, gətirdikləri əsassız arqumentləri, mübahisəli dil faktlarını, akademik Ağamusa Axundovun adı ilə möhtəkirlik etmələrini, hətta, xüsusi olaraq, qabartdıqları “Bəli, … nə qədər ağır olsa da, akademik Kamal Abdullanın dediyi kimi, “Sözlük”, həqiqətən, plagiatdır” sitatının altında gizlənən mətləbləri bir kənara qoyaq. Bizi, ilk növbədə bir məsələ maraqlandırır: bu adamlar, ümumiyyətlə, “plagiat” sözünün mənasını anlayırlarmı?.. Konkret müəllifi olan elmi, yaxud bədii əsər, fikir, ideya oğurluğu mənasını bildirən “plagiat” sözünü, yaradıcısı, bilavasitə Azərbaycan xalqı olan Azərbaycan dilinə necə, hansı məntiqlə şamil etmək olar? Bunun özü kəmsavadlığın bariz nümunəsi deyilmi?.. Məgər Azərbaycan dilinin müəllifi Dilçilik İnstitutudur? Yoxsa dilimizin müəllifi – bərbad orfoqrafiya lüğətinin tərtibçisi İsmayıl Məmmədovdur? Və əgər bir dil qurumu (ARNK yanında Tərcümə Mərkəzinin Əsasnaməsinə bax) özündə güc tapıb, bu işi həyata keçiribsə, dilimizin aynası sayılan bu başıbəlalı kitabı “ambırağız”, “gəzmələrdəntutma”, “hürufatölçən”, “ağızdanolma”, “buğdayıolma”, “bəstiqoyma”, “buynuzaməxsus”, “cırrıtgetmə”, “cırtacırtetmə”, “cırcırçı”, “çartıltısızlıq”, “çətvər-çətvər”, “çuladönmə”, “dız-dızoynama”, “əsəbiyyəçi”, “əzginiş”, “fisqü-fücurluq” kimi on minlərlə (40 000) absurd, milləti aşağılayan, qeyri-etik mənalı “sözlərdən” təmizləməyə nail olubsa və bütün bu eybəcərlik, bu vaxta qədər lüğətdə yer almayan 1500-dən çox müasir (həmçinin qədim), saf Azərbaycan sözləri və işlək terminlərlə əvəzlənibsə, bunu təqdir etmək, alqışlamaq əvəzinə, ona qarşı döyüş meydanı açmaq, görülmüş işə ədalətsiz cığallıqla “plagiat” yarlığı yapışdırmaq nə məqsəd daşıyır? Yoxsa, sinəsini qabağa verib, Roma hakimi pafosuyla: “Tərcümə Mərkəzinin təyinatı budurmu? Bu sahəmi üzrə peşəkarlaşıblar?” deyən Etibar Əliyev tərcümənin, bilavasitə dil sahəsi olduğundan, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyun fars dili, bərbad orfoqrafiya lüğətinin tərtibçisi İsmayıl Məmmədovun isə, tərtib etdiyi lüğəti qədər bərbad alman dili tərcüməçisi olduğundan xəbərsizdir?.. Ya bəlkə, hörmətli ekspert ARNK yanında Tərcümə Mərkəzinin ölkə başçısının müvafiq fərmanıyla aparıcı dil və tərcümə qurumu olaraq yaradıldığını bilmir, yaxud bilmək istəmir?
“Sözlüy”ün lüğəti əvəz etməsinə gəlincə, yəni dilçi alimlərimiz bunu da bilmirlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti, konkret olaraq, Dilçilik İnstitutunun, yaxud hansısa ayrı bir qurumun tərtib etdiyi orfoqrafiya lüğətini yox, bu lüğətdən istifadə qaydalarını, yəni “Orfoqrafiya qaydaları” nı təsdiq edir?
Maraqlı olan digər məqam, məsələnin elmi tərəfidir. Uzun illər lüğət tərtibi ilə məşğul olan Tətbiqi dilçilik şöbəsi lüğət tərtib edərkən, sözlərin seçilməsində, yaxud qaydaların hazırlanmasında hansı elmi prinsiplərə əsaslanıb? Alimlərin Nizami Cəfərova cavabından belə məlum olur ki, bu məsələdə aparıcı fiqur – şöbənin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovadır. Belə anlaşılır ki, Xədicə xanım dünyanın bütün sanballı lüğətlərindən xəbərdardır, bu işi hamıdan yaxşı mənimsəyib və dilçilik elminin gözəl bilicisidir. Hörmətli alimlər konkret sübut da gətirib soruşurlar ki, məqaləsində “bu məsələnin elmi əsaslarını vermiş” Xədicə xanım kimi alimi “kəmsavad” hesab etmək olarmı?..
Məsələnin mahiyyətinə dərindən varmaq məqsədi ilə Xədicə Heydərovanın AMEA-nın “Elm” qəzetində çap olunmuş (20 aprel 2018-ci il) “Zərgər dəqiqliyini tələb edən əmək və ya “Azərbaycan dilinin orfoqrafiya” lüğətinə hansı sözlər daxil edilməlidir?” adlı məqaləsi ilə tanış olduq və sözün açığı heyrətə gəldik…
Əvvəla, məqalə uğursuz tərcümə təsiri bağışlayır, müəllif ədəbi dili müvafiq səviyyədə bilmədiyindən, fikirlərini aydın ədəbi dildə izah edə bilmir, mətn başdan-başa dil qüsurları, qrammatik xətalar və təhriflərlə doludur.
Belə ki, X.Heydərova yazır: “Azərbaycan lüğətçiliyi rus leksikoqrafiyasının təsiri altında formalaşdığından həm nəzəri, həm tətbiqi cəhətdən iş prinsiplərini də əxz etmişdir”. Sual olunur: haradan, ya nədən əxz etmişdir?
Məqalə müəllifi yazır: “Nəzərdən keçirilən materiallarda irəli sürülən iddiaların böyük əksəriyyətindən, belə məlum olur ki, lüğətçilik nəzəriyyəsinin müddəalarına uyğun deyil”. Adi bir orta məktəb şagirdi bu cümləni sintaktik təhlil etsə, “müəllim, cümlənin mübtədası hanı?” – deyə soruşmazmı?
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən bəhs edən X.Heydərova daha sonra yazır: “Yəni ümumi dilimizin orfoqrafiya lüğəti nəzərdə tutulur”. “Ümumi dilimizin orfoqrafiya lüğəti” nə deməkdir? Bəs onda xüsusi dilimiz hansıdır?
Digər üslub yanlışlıqlarına diqqət edək: “…çünki akademik və fundamental lüğətin sözlüyü müvafiq möhtəşəm həcmə malik olmalıdır (?)”, yaxud “Oksford və Kollins lüğətlərinin sözlüklərinə qatı vulqarizmləri olmayan qeyri-normativ leksika da salınır”.
Tətbiqi dilçilik şöbəsinin bu aparıcı elmi işçisindən soruşmaq lazımdır ki, “lüğətin sözlüyü” nə deməkdir? Bu ifadə “universitetin darülfünunu”, yaxud “koridorun dəhlizi” birləşməsi qədər əcaib səslənmirmi?! Dilçilik İnstitutunun belə “savadlı” əməkdaşları öz fikirlərini bu şəkildə ifadə edirlərsə, onların hazırladığı qaydalardan, ya lüğətdən nə gözləyək?
Məqalə Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı olsa da, yazının içi mövzuya dəxli olmayan, əlaqəsiz internet materialları ilə doldurulub ki, bu da iş görüntüsü yaratmaqdan başqa bir şey deyil. Aidiyyəti oldu-olmadı, müəllif tez-tez “Oksford”, “Kollins”, “Meri Onil” lüğətlərinin adlarını çəkməklə, məqaləyə elmilik və mötəbərlik gətirməyə çalışır. Əslində isə, fikirlərin cılızlığı və əsassızlığı fonunda göstərilən mənbələr havadan asılı qalır. Məqalədəki anlaşılmazlıq, çox güman ki, ehtiyac duyulmadığı halda, müəllifin ekzotika xatirinə əcnəbi dildən uğursuz tərcümələr etməsi ilə bağlıdır. Məsələn: “Oksford lüğətinin tarixçisi və baş redaktoru olmuş Piter Qillver göstərir ki, söz 1130-cu ildən əvvələ aid sitatlara malikdirsə, onu xüsusən böyük lüğətlərdən silib çıxartmırıq, sadəcə, köhnəlmiş və ya tarixizm üslubi işarəsi ilə işarələyirik. Analoqu olmayan “Kollins” lüğətinin aparıcı redaktoru Meri Onil də eyni fikirlər söyləyir, bu tip sözlərin yalnız üslubiyyatında dəyişikliklər həyata keçirildiyini göstərir”.
Soruşmaq ayıb olmasın, bu nə dildir belə? Müəllif nə demək istəyir? “Sözün üslubiyyatı” nə deməkdir?
Xanım X.Heydərova yazısında tez-tez məna və fikir dolaşıqlığına yol verir: “Klassik sözlər ədəbiyyatşünasların, əruz vəznində yazan şairlərin, məktəblilərin istifadə etdiyi leksik vahidlərdir”.
Deyə bilərsinizmi, “klassik sözlər” nə deməkdir? Deyə bilməzsiniz, çünki dilçilikdə belə anlayış yoxdur. Əlbəttə, tək bu ifadə yox, bütövlükdə cümlə, bütün parametrləri üzrə qüsurludur və dillə təfəkkürün uyğunsuzluğu nümunəsidir. Xatırlatmaq istəyirik ki, hətta orta məktəb şagirdləri ərəb-fars və Avropa mənşəli sözləri “alınma sözlər”, köhnəlmiş sözləri “arxaizmlər” adı altında öyrənirlər və s.
Axı “aparıcı lüğət mütəxəssisi” belə xırda şeyləri bilməlidir. Bilməlidir ki, “Bunun üçün terminin bir neçə elmi sahədə işləndiyini sübut edən sitatları olmalıdır” kimi əcaib cümlələr yazıb, dilimizi “terminin sitatları” birləşməsi kimi “yeniliklər”lə “zənginləşdirmək” olmaz. Lüğət mütəxəssisi, həmçinin bunu da bilməlidir ki, dilimizin ana kitabı sayılan orfoqrafiya lüğətini “söz ehtiyatımızı artıraq!” devizi altında “qalaq-qalaqoynama”, “qutluayaq”, “qutluəl”, “qalxan-qulaq” “tabloiflic”, “troykaçı”, “tunel-sıçrayış”, “mayakolma”, “əmtəəliyiniitirmədənqalma”, “mübtədaolma”, “milçəkyemə”, “paqdumluq”, “part-partsalan”, “parazitolma” və s. bu kimi, milləti təhqir edən eybəcərliklə doldurmaq olmaz.
Bu mövzunu sonsuza qədər uzatmaq, Dilçilik İnstitutunun “dilçilik və lüğətçilik ənənəsi üzrə” ərsəyə gətirdiyi “şedevrlər” barədə uzun-uzadı danışmaq, saysız-hesabsız nöqsanları ilə illər uzunu hər sahədə fəsadlar törədən, milləti savadsızlığa, dili bataqlığa sürükləyən bərbad orfoqrafiya lüğətindən saysız-hesabsız nümunələr gətirmək olardı. Lakin bunsuz da hər şey göz qabağındadır.
Odur ki, hörmətli dilçi alimlərə məsləhətimiz budur ki, yalançı iş görüntüsü yaratmaq həvəsini bir kənara qoyub, özləri barədə, Azərbaycan dilinə göstərdikləri “xidmətləri” barədə dərindən-dərin düşünsünlər. Və anlasınlar ki, işin özünü yox, görüntüsünü yaratmaq dövrü çoxdan ötüb…
Bəhlul Abbasov
Mərkəzin Elm və təhsil şöbəsinin müdiri