Dünənin «kommunisti», bugünün «multikulturisti»

Əgər bizlər bu gün torpaqlarımızı düşmən işğalından azad edəcək milli ruhlu nəsil əvəzinə, tolerantlar, multikulturistlər, kosmopolitlər yetişdiririksə, vay bizim halımıza! Bugünki şortiklilərmi, cırıq şalvarlılarmı, kosmopolitlərmi Vətən torpaqlarına sahib çıxacaqlar?!
Əslində mən bu cür gənclərdə heç bir günah görmürəm. Təbii ki, belə gəncləri milli, dini və vətən ruhunda deyil, tolerant, multikulturist, kosmopolit ruhunda yetişdirənlər günahkardırlar. Bir zamanlar, yəni Sovetler Birliyi dönəmində kommunizmin mahiyyətinə varmadan kommunist, bolşevik olanların davamçıları, indi də tolerant, multikulturist “xəstəliyinə” yoluxublar. Mən də anlayıram ki, bu gün Azərbaycanda tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir. Amma bu o demək deyil ki, kimlərsə bundan sui-istifadə edərək abır-həyamızın, milli əxlaqımızın üstündən tamamilə xətt çəkməli, ya da milli, dini və vətənlə bağlı dəyərləri şouya çevirməlidirlər. Hər bir şeyin əndazəsi, ölçüsü vardır. Tolerant, multikulturist olmadan öncə, insan olmaq lazımdır. İnsan isə millətini, dinini və vətənini tanımalıdır ki, sonra da tolerant, multikulturist olsun! Bizlərdə isə, bəziləri millət, din və vətən anlayışlarından kənarda tolerant, multikulturist olmaq istəyirlər.
Hər halda 1920-1930-cu illərdə bolşevizmin proletarlığından vəcdə gelib kosmopolit olanların taleyindən indiki radikal tolerantçılar, multikulturistlər vaxtında nəticə çıxartmalıdırlar. O dövrdə kosmopolitizmə yuvarlanmağımız ona gətirdi ki, həm milli və dini dəyərlərimzə, həm də torpaqlarımza sahib çıxa bilmədik. Belə ki, 1920-ci illərdə həddən artıq dərəcədə tolerant-kosmopolit olmağımız ona gətirib çıxartdı ki, Azərbaycan torpaqlarının xeyli hissəsini Ermənistana, daha sonra müəyyn qismlərini də Rusiya və Gürcüstana “hədiyyə” etdik. Eyni zamanda, tarımızın, sazımızın, papağımızın, örpəyimizin aşağılanmasında da bəzi Azərbaycanlı kosmopolitlər aktiv iştirak etdilər. Hətta, milli kosmopolitlər (S.Vurğun, S.Rüstəm, K.Ələkbərli, R.Axundov, Ə.Nazim, Ə.Qarayev, S.Ağamalıoğlu vəb.) buna qarşı çıxan milli aydınların (Ə.Cavad, M.Müşfiq, H.Cavid, B.Çobanzadə, S.Mümtaz vəb.) repressiya olunmasında da müəyyən canfəşanlıq göstərdilər.
Dogrudur, SSRİ rəhbərliyi kosmpolitzmin tənqidinə start verdikdən sonra, həmin milli kosmpolitlərin əksəriyyəti yeni sima aldılar, özlərinə haqq qazandırmağa çalışdılar. Amma onda da, indi də hər şey hamıya aydındır. Bu baxımdan yenə də deyirik ki, bəziləri bundan nəticə çıxartmalı və bilməlidirlər ki, əsas millət və vətən sevgisidir, yerdə qalanlar gəldi-gedərdir. Bu gün Vətən torpaqları işğal altında olan millətə vətənpərvər, millətpərvər oğlanlar və qızlar lazımdır, mahiyyətini doğru-dürüst anlamadıqları tolerantlıq, multikulturalizm, kosmopolitzm deyil! Bir sözlə, bütün günü telekanallarda şou, idman, tolerantlıq verlişləri verməklə iş bitmir. Hər halda, inana bilmirəm ki, bizim, dövlət olaraq əsas məqsədimiz avropalılardan çox tolerant, multikulturist olmaqdır!
Torpaqları işğal altında olan bir toplumun düşmən üzərində qalib gəlməyinin birinci və əsas yolu millət (Azərbaycan türkləri, Azərbaycan xalqı), vətən (Azərbaycan) və din (İslam dini) dəyərlərinə köklənməsidir. Yəni millət, toplum olaraq özünəinamıdır! Bəli, özünəinam! Özünəinam isə millətsiz, vətənsiz və dinsiz ola bilməz! Amma bunun əvəzinə, gənclərə eyş-işrət, şou, idman, tolerantlıq verlişləri verir, yalnız bu kimi anlayışların təbliğatını aparırıqsa, bu çox düşündürücüdür. Bunun nəticəsidir ki, gənclərin əksəriyyəti burnundan uzağı görə bilmirlər. Belə gənclər əllərindəki telefonun “dili”ni bildikləri halda, müəllimlərinin və valideynlərinin “dili”ni bilməz hala gəliblər. İndiki gənclərin əksər qismi Vətən sevgisini şou, idman, ya da tolerantlıq kimi anlayırlar. Yəni, gündəlik çıxarlarına uyğun hərəkət edirlər. Bir gün “millətçi”, sabah “dinçi”, daha sonra “tolerant” olurlar!
Özdən olmayanlar Özgələrin qurbanı olurlar. Özdən olmaq üçün Özü bilmək lazımdır. Öz dediyin kökdür, mahiyyətdir, mənadır! Öz dediyin Millətdir, Vətəndir, Dindir! Özgə dediyin, kommunstdir, multikulturistdir, massondur, vahhabidir, liberaldır, kosmopolitdir və s. Bir toplumun övladları Özə deyil, Özgəyə əsaslananda belələri üçün himn, bayraq, gerb, vətən, millət adiləşir. Yəni, onların heç bir əhəmiyyəti qalmır. Belələri, milli bayrağı bir anda həm başlarının üzərinə qaldırır, az sonra da ayaqlar altına atırlar. Çünki, Milli bayrağın dəyərini bilmirlər. Toplumun övladlarının Özə deyil Özgəyə vurğunluğu ona gətirib çıxardır ki, hər şey adiləşir! Bu cür gənclərlə işğal altındakı Vətən torpaqlarına sahib çıxa bilmərik.
Gənclərin xeyli qisminin belə bir halda olmasında müəllimlər və ziyalılar da günahkardırlar. Daha dogrusu, Təhsil Nazirliyinin yarıtmaz siyasəti nəticəsində şagirdlər və tələbələrin əksəriyyəti onlara millət, din və vətən dəyərlərini öyrədən müəllimlərə əşya kimi baxırlar. Ayıbdır! Ayıbdır, amma təkcə ayıblıqla iş bitmir. Bu tendensiya çox qorxuludur. Tələbələr və şagirdlərin əksəriyyəti müəllimə heç bir hörmət etmirlər. Mən, bunun səbəbini dəfələrlə tələbələrə açıqlamışam. Burada da yazıram ki, Təhsil Nazirliyi şagirdlər və tələbələr üzərində nəzarəti, onların tərbiyəsi və bililklərinin formalaşması yolunda addımları yox dərəcəsindədir. Dövlət və özəl universitetlərin, orta məktəblərin rəhbərlikləri böyük ölçüdə yalnız pul-para məsələsinə diqqət yetrirlər. Demək olar ki, onların əksəriyyətini təhsil, tərbiyə, təlim, gənclərin millət, din və vətən ruhunda yetişməsi məsələsi qətiyyən maraqlandırmır. Bunu hər gün görürük və şahidiyik!
Bu yolverilməz və bağışlanmazdır. Bütöv bir nəslin taleyi qaranlıqdır. Əgər bir nəslin taleyi qeyri-müəyyəndirsə, deməli işğal altındakı torpaqların işğaldan azad olması da o dərəcədə naməlumdur. Məncə, Təhsil Nazirliyi bütün bunlardan ciddi nəticə çıxartmalıdır. Özəllikllə, orta məktəblərdəki qeyri-müəyyən təhsil konsepsiyasına son qoyulmalıdır! Təhsil naziri Mikayıl Cabbarov ibtidai məktəb müəllimlərinin kimliyi və biliyilə bir-bir maraqlanmalıdır. Orta və ibtidai məktəb müəllimlərinin əxlaqına, biliyinə və geyiminə ciddi şəkildə nəzarət edilməlidir. Təbii ki, bütün bunlarla yanaşı, onların normal səviyyədə maaş alması təmin edilməlidir. Təhsil naziri özü bilməlidir ki, həmin müəllimlər bu gün nə qədər maaş alırlar və həmin maaşla müəllim, özünü, ailəsini saxlaya bilərmi! Əgər orta məktəblərdə müəllimlərə normal maaş verilərsə, kişi müəllimlərin Tarix fənnindən daha çox dərs deməsinə diqqət yetirilməlidir.
Təhsil naziri yalnız əmr və göstəriş verən yüksək çinli bir məmur deyil, öz işini bilən və onu sevən birisi olmalıdır. Çünki təhsil bir ordu deməkdir. Hər toplumun taleyi ilk öncə, təhsilin keyfiyyəti ilə müəyyənləşir. Əgər yeni nəslə doğru-dürüst bilik, tərbiyə, əxlaq öyrədilmirsə, onları gələcəkdə Özdən olmayan çox Özgəliklər gözləyəcəkdir. Bəziləri bunu tolerantlıq, multikultralizm adı altında yozmağa çalışsalar da, əsil həqiqət ortadadır. O həqiqət ki, onsuz da millət, din və vətən anlayışlarını vaxtında bilməyənlərin, dərk etməyənlərin gələcəyi “kommunizm, ”“tolerantlıq”, “multikulturalizm”, bir sözlə kosmopolitizmlə bitir…
Məncə, dövlət səviyyəsində bu məsələyə diqqət göstərilməli, yeni nəslin milli, dini və vətən ruhunda böyüdülməsi öncəlik təşkil etməlidir. Təbii ki, sözdə yox, işdə!!!
İnform.az

Добавить комментарий


Срок проверки reCAPTCHA истек. Перезагрузите страницу.