Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətindəki təxribatının ardınca dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılara qarşı hücum və qarşudurmalarının arxasında nə dayanır, bunda məqsəd nədir? Yaxud, Ermənistanı bu cür təxribatlara sövq edən səbəbləri harada axtarmalı?
“Təzadlar” bu və ya digər suallara cavab tapmaq üçün tanınmış hüquqşünas-politoloq Adil Minbaşıya müraciət etdi:
— Adil müəllim! Xeyli vaxtdır ki, Sizin oxuyub bizə qaytarmadığınız son müsahibəniz çap olunmamış qalıb (Əvvəldən razılaşmamıza görə çap variantını özü oxuyub qaytarmasa, çap etmirik — RED.). Amma indi Sizi buna görə narahat etmirəm. Ölkənin həyatındakı vacib məqamlarda biz həmişə Sizin səsinizi eşitmişik, proqnozlarınızı dinləmişik. Ancaq bu günlərdə səsiniz eşidilmir. Qurucusu olduğunuz “Ədalət” qəzetinin 30 yaşı sosial şəbəkələrdə xatırlananda da Sizi görmədik, adınıza rast gəlmədik… Düşündüm ki, ya səhhətinizdə problem var, ya da Siz baş verənləri vərdiş etdiyimiz atəşkəs rejiminin pozulması hadisələrindən biri kimi qiymətləndirirsiniz deyə, biganə yanaşırsınız. Bunların hansıdır, səhhətiniz necədir, başverənlərə münasibətiniz necədir?
— Koronovirus səbəbindən karantin rejiminin uzanması əsəblərimizi onsuz da korlamışdı, bir tərəfdən də bu hadisələrin yaratdığı gərginlik- informasiya araşdırmaları, yuxusuz gecələr-əsəbilik, siqaret və s. hamı kimi mənim də səhhətimə pozucu təsir edir. Amma susmağımın səbəbi bunlar deyil. Ermənilərin sərhədlərimizə hücumunu da atəşkəs rejiminin pozulmasına da sıradan bir hadisə kimi baxmıram, əksinə, daha böyük məqsədləri hədəfləyən, nəticələri gizlində qalan və bizi daha diqqətli, hərbi, siyasi, ideoloji cəhətdən fərqli hazırlıqlı olmağa məcbur edən ciddi məsələ kimi yanaşıram bunlara. Ancaq baş verənlərin səbəbi, nəticələri, gələcək təsirləri barədə təkcə Azərbaycanda deyil, böyük miqyasda — birtərəfdən həyəcanlı-emosional, digər tərəfdən soyuqqanlı-azdırıcı səslər çoxluğu var ki, bu hay-küydə kiminsə, xüsusilə deyilənlərdən fərqli bir düşüncənin səsinin eşidiləcəyini güman eləmirəm, ona görə də susuram.
— Adil müəllim, mən dəfələrlə 10-15, hətta 20 il əvvəl ölkə və beynəlxalq miqyasda baş verən hadisələrə verdiyiniz proqnozların illər sonra təsdiqini tapmasını oxucularin diqqətinə çatdırmışam. Siz mövqeyinizi bildirin, yəqin ki, eşidənlər olacaq. Digər tərəfdən də nəticəsindən asılı olmayaraq bu sizin ziyalı, vətəndaş borcunuzdur.
— Mən, Azərbaycan sevgisi ilə, onun maraqları üçün təhlillər aparan, məlumatlar yayan, çağrışlar edən bütün tərəflərə “SOS”-həyacan çağrışı ilə müraciət edir və onları diqqətli olmağa çağırıram!
İyulun 12-dən başlayaraq ermənilərin işğal edilmiş cəbhə bölgəsində deyil, Ermənistanla sərhəddə atəşkəs rejimini pozması, hərbi obyektlərimizə və dinc əhaliyə hücum etməsi planının arxasında sadalanan- beynəlxalq kommunikasiya obyektlərini təhlükə altinda qoymaq, KTMT vasitəsi ilə Rusiya hərbi qüvvələrini sülhməramlı missiya adı ilə bölgəyə cəlb etmək, diqqəti Qarabağ probleminin həllindən yayındırmaq və s. kimi niyyətlərindən daha məkrli və daha təhlükəli bir məqsəd güddüyünü düşünürəm.
Hadisələri reqional deyil, daha geniş miqyasda, xüsusilə Yaxın Şərqdə- Suriyada, liviyada, Aralıq Dənizi hövzəsində gedən proseslər, onların doğurduğu nəticələr, maraqlı dövlətlər arasında dəyişən münasibətlər sistemi kontekstində təhlil etdikdə tamam fərqli bir nəticə ortaya çıxır. Hücum üçün secilən zamanın da digər siyasi hadisələrlə bağlılığı nəzərə alınsa məndə heç şübhə yaranmır ki, İngiltərə və Fransanın Osmanlı İmperiyasına qarşı 19-cu əsrin ikinci yarısında hazırlayıb 20-ci əsrin əvvəlində həyata keçirdiyi planın ssenarisi yenidən işə salınıb. İngiltərənin hələlik bu işdə aktiv fəaliyyətini təsdiq edəcək hallar görünmür, Fransanın qətiyyətli olduğunu düşünürəm. Məqsəd Rusiya ilə Türkiyəni yenidən vuruşdurmaq, onları qarşılıqlı müharibəyə cəlb etməkdir! Bunun üçün isə Rusiya və Türkiyənin maraqlarının toqquşduğu iki əlverişli nöqtələrdən biri Aralıq dənizi bölgəsi, digəri isə Azərbaycandır. Belə bir versiyanın da mövcudluğunu istisna etməsək həm Azərbaycan-Türkiyə, həm də Rusiya tərəfdən münasibətlərə təsir edəcək ritorikalarda cox diqqətli olmağı tövsiyə edərdim!
— Keçən müsahibələrin birində Suriya ilə bağlı məsələləri müzakirə edərkən Siz İngiltərə və Fransanın Ərəb ölkələrindəki enerji ehtiyatlarına yiyələnmək üçün hansı məkrli planlar qurduğunu, ərəblərlə, kürdlərlə, ermənilərlə separat danışıqlar, gizlində Osmanlı imperiyasına, hətta müttəfiq kimi müharibəyə cəlb etdikləri Rusiyaya qarşı hər iki imperiyanı çökdürən planları barədə, 1-ci Dünya müharibəsinin sonunda Sevr müqaviləsi ilə Osmanlı İmperiyasını necə parçaladıqlarını demışdınız. Amma düşünürəm ki, artıq zaman o zaman deyil. O dövrdə hələ də dövlətlər “kim güclüdür, o haqlıdır!” prinsipi ilə hərəkət edirdilər. Saydığınız dövlətlər arasında düşmənçilik münasibətləri güclü idi. İndi beynəlxalq hüquq var, İngiltərə, Fransa və Türkiyə hər üçü NATO dövlətidir, ümumi razılaşma olmasa onlardan birinin digərini- yəni Türkiyəni Rusiya ilə müharibəyə sövq etməsi çətin məsələdir…
— Mən həmin müsahibədə dediklərimi burada təkrar eləmək istəmirəm, ancaq hadisələrin indiki vəziyyətlə cox oxşar cəhətlərinin təkralandığını görürəm. Maqaqlanan oxucular üçün internetdə istinad səhifəsini göstərərsiniz, istərlərsə baxarlar. hazırki vəziyyəti təhlil etsək görərik ki, İngiltərə ilə Türkiyənin münasibətləri normaldır. Amma Osmanlı dönəmində son məqama qədər İngiltərənin sərbəst ticarət razılığı alması, Hicaz dəmir yolunun cəkilməsini götürmək istəyi, silah satışı, Türkiyə üçün dövrun yeni texniki hərbi gəmisinin tikintisi və s maraqlar səbəbi ilə münasibətlər bəlkə bundan da yaxşı idi. Məsələn, Fransa ilə də indi olduğundan daha yaxşı idi. Osmanlının Fransanı işğal etməməsi üçün ona bac-xərac verməsi, hədiyyələr göndərməsi, hətta bir çox Avropa Dövlətləri kimi hakimiyyət dəyişikliyi məqamlarında hansı vəliəhdin hakimiyyətə gətirilməsinin münasib olduğunu və s.məsləhətləşməsi də faktdır. Hətta 1550-ci illərdə Avstriya-Macarıstan krallığına olan nifrətlərinə görə onun məğlub edilməsində Türklərlə birlikdə fransızlar da döyüşlərdə iştrak etmişdilər. Amma Avropada “at oynada bilmirdilər”. Ona görə də öz maraqlarını həyata keçirmək üçün əlverişli vaxta qədər güclü dövlətlər qarşısında münasibərləri “mehriban” saxlamağa məcburdurlar. Faktların təhlilinə vaxt sərf etməyək, bütün parametrlər üzrə ümumi qiymətləndirsək görərik ki, Osmanlı İmperiyasının ən güclü olduğu 17-ci əsrdə Avropanın böyük dövlətləri sayılan İngiltərə, Fransa, Almaniyanın iqtisadi-siyasi durumu heç də ürəkaçan deyildi. Bu dövlətlərin, bütövlükdə Avropanın inkişaf mərhələləri Osmanlı və Rusiya imperiyalarının zəiflədiyi və dağıldığı dövrləri əhatə edir. Yaxın tarixdə də SSRİ deyilən Rusiya imperiyasının dağılmasından sonra (Almaniyanın birləşdirilməsi və Şərqi avropanın müstəqillik qazanması də daxil) Avropanın sıcrayışlı inkişafını və böyük güc mərkəzinə çüvrilməsini şərtləndirdi. Bu səbəblərə görə Avropa və bütövlükdə Qərb nə Türkiyənin, nə də Rusiyanın güclənməsini istəmir. Tarixən də özlərinin birbaşa müharibəsi heç vaxt müsbət nəticə verməyib deyə, dəfələrlə uğurla sınaqdan çıxardıqları Rusiya- Türkiyə qarşıdurmasını heç zaman gündəlikdən çıxmayacaqlar. Son illər Türkiyənin bütün sahələrdə güclü inkişafı Avropada böyük rahatsızlıq yaradır və dediyim ssenarinin aktivləşdirilməsini diktə edir.
— Sizcə, bu konflikt yaratma təşəbbüsü Avropada ümumi razılaşmadan, yoxsa konkret bir dövlətdən irəli gələ bilər?
— Avropada kiçik dövlətlər belə böyük məsələlərin riskini üzərlərinə götürə bilməzlər, Yunanıstan istisna olmaqla. Yuxarıda dediyim kimi İngiltərə ilə Türkiyənin münasibətləri hazırda yaxşıdır, Almaniya da Türkiyə ilə münasibətlərdə ehtiyatlı və diqqətli davranır. Amma “arxa baxçada” münasibətlər fərqlidir. Məsələn, bu yaxınlarda Strateq.az da İngiltərənin xarici siyasətini yönəldən şəxslərdən birinin — milli kəşfiyyat xidmetinin keçmiş şefi Riçard Dirlavın Türkiyə ilə münasibətlər barədə verdiyi tövsiyyələri açıqlayan məqalə dərc olunmuşdu (Ergün Diler). Orada deyilir ki, Türkiyə ilə münasibətlər həmişə ortadan aşağı səviyyədə saxlanmalıdır. Bu o deməkdir ki, lazım gələndə böyüklü-kiçikli hamısı eyni mövqedə birləşəcəklər. Hələlik əsas ehtimal olaraq sifarişçinin Fransa və ya Fransa-Yunanıstan birliyi ola biləcəyini düşünürəm. Çünki hər ikisi Türkiyənin uğurlarına hec cür mane ola bilmirlər və çox acıqlıdırlar. Türkiyə prezidenti Recep Tayyip Erdoğana qarşı Makronun hirsini… hələ demirəm( gülür).
— Nə elədiyini niyə demirsiniz, senzuradan kənar ifadədir?
— Yox, ədəbi dildə işlənən: “zəncir çeynəyir” deyilə bilər.
— Münasibətlərin belə gərginləşməsinin səbəbi nədir?
— Fransanın Türkiyəyə qarşı münasibətinin formalaşmasında yuxarıda dediyimiz-Osmanlı dövründə 600 ildən çox sıxıntılı vəziyyətdə qalmalarında yaranan kompleks mövcuddur. Erməniləri Osmanlıya qarşı hazırlayıb silahlandıran əsas dövlətlərdən olduğu üçün ermənilərlə tarixi bağlılıq və indi də erməni lobbisinin təsirinin güclü olması müəyyən qədər təsiredici amillərdir. Ancaq əsas səbəb Türkiyənin son dövrlər qazandığı uğurlar, bölgədə aparıcı gücə çevrilməsidir ki, bu da Fransaya Yaxın Şərqlə bağlı istəklərinin reallaşdırmağa imkan vermir. Xatırlayırsiniz ki, 2011- ci ildə Sarkozinin inadı ilə Fransada qanun qəbul olunmuşdu ki, “erməni soyqırımı”nı təkzib etmək cinayət məsuliyyəti yaradır. Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyəti ilə Konstitusiya Şurası tərəfindən o qanun konstitusiyaya zidd elan olundu. Türkiyənin Avropa Birliyinə daxil olmasının müzakirələrində Fransa həmişə bunun əleyhinə münasibət bildirir. Suriya və Liviyada Türkiyəyə qarşı olan qüvvələri gizli silahlandırır. Özü isə Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasının aktiv təşəbbüsçülərindəndir. Təxminən bir ay əvvəl Aralıq dənizində Türkiyəyə məxsus yük gəmisini saxlayarkən Türkiyə hərbi gəmiləri onlara məhəl qoymayaraq yük gəmisini götürüb aparmışdı. Makron: “Türkiyə hərbiciləri bizimkiləri atəş açacağı ilə təhdid etmişdir” deyə şivən qaldırmış, NATO- nun toplantısını və Türkiyəyə qarşı ciddi tədbir görülməsini tələb etmişdi. İstədiyinə nail olmadıqda isə: “NATO-nun beyini ölüb” deyə donquldanaraq nə edəcəyini bilmirdi…
Türkiyə prezidenti R.T.Erdoğan da Ermənistanın Tovuz istiqamətində sərhədlərimizə hücumunu qınayarkən təxminən belə dedi ki, “…bu Ermənistanın çapını aşan bir saldırıdır və mühakak bunun arxasında dayanan başqa bir güc vardır”. Ancaq dolayısı ilə də olsa kimə işarə etdiyini bildirmədi. Biz azərbaycanlılar, şəxsən mən özüm də iki səbəbdən; birincisi, Rusiyanın cəbhə bölgəsinə sülhməramlı bəhanəsi ilə öz qoşunlarını yeritməkdə maraqlı olması, ikincisi isə Ermənistanın hər zamaan Rusiyanın diktəsi ilə hərəkət etdiyi və onun razılığı olmadan belə bir riskli addımı atmağa cəsarət etməyəcəyinə görə hadisələrin arxasında Rusiyanın dayandığı qənaətinə gəldik… Üçüncü bir səbəb kimi Aya Sofyanın Məscidə çevrilməsi variantı da hallandırıldı. Məsələn, Azərbaycan EA-nın əməkdaşı Yasəmən xanım Türkiyənin internet televiziya kanalında bu hadisəni də səbəblərdən biri kimi qeyd etdi.
— Ancaq Sizin söhbətlərinizin birində dediklərinizdən isə belə çıxır ki, bu hadisələrdə Ermənistanın arxasında dayanan gücün Rusiya deyil, daha çox hansısa bir Qərb Dövlətinin, xüsusilə Fransanın dayanması daha inandırıcıdır.
— Həmin söhbətlərimizdən birinin dərc olunub-olunmadığını xatırlamıram, amma həmin sohbətdə mən demişdim, yenə də o fikrdəyəm ki, coxmillətli SSRİ dövlətini dağıtmaq planının əsas istiqamətlərindən biri də millətlər arasında konfiliktlər yaradıb ümümi narazılıqları qızışdırmaq idi. Bunun üçün də millətlər arasında daha əlverişli tarixi konfliktlər araşdırılırdı. Belə dağıdıcı konflikt təbii ki, Rusiya dövlətinin və xalqının maraqlarına ziddir. Ancaq satılmış, Qərb tərəfindən hakimiyyətə gətirilmiş Mixail Qorbaçov, barəsində toplanmış kompromatların açılmaması, ifşa edilməməsı və əvəzində daha böyük vəsait və toxunulmamazlqla təminatı qarşılığında bu planların başa çatdırılması üçün bütün tapşırılanları icra edirdi. Ermənilər də bu plandan xəbərdardı və Qarabağ məsələsini bu plana daxil etdirdilər. Gənclər məlumatsız ola bilər, ancaq biz yaşlı nəsl Raisa Qarbaçovaya erməni lobbisinin Amerikada çox bahalı brilyant üzük və Ayvazovskinin bir tablosunu bağışladığını, məsələnin üstü açıldıqdan sonra isə tablonun muzeyə qaytarıldığını yaxşı xatırlayırıq. Faktlara istinad etsək görərik ki, Qarabağ probleminin ilkin müəllifi Amerika dövlətidir. SSRİ dağıldıqdan sonra onun varisi olan Rusiya hər iki respublikanın onun təsir dairəsindən çıxa bilməməsi üçün öz maraqları naminə bu konfliktin çözülməmiş qalmasında maraqlıdır. Bu mənada hazırda Ermənistanın arxasında dayanan güc Rusiyadır. Ancaq konkret 12 iyul hadisəsindən danışırıqsa, burada sübutlar daha çox Rusiyanın lehinədir.
— Bunların üzərində dayansaq yaxşı olar…
— Bəzi şərhçilər Ermənistanın indiyə qədər hərbi, xüsusilə Qarabağ məsələsində yalnız Rusiyanın diqtəsi ilə hərəkət etdiyi məntiqindən çıxış edərək hesablamalarında səhvə yol verirlər. Halbuki Ermənistan 2018-ci ilin mayından “B” planını işə salıb, “Qərbə uçmaq üçün artıq ayğının birini ehtiyat aerodromda saxlayır”. Ciddi məsələlərdə Rusiyanın deyil, Qərbin əmrləri ilə hərəkət edir. Bunu da Rusiyanın dövlət və hökümət orqanlarında çalışan ermənilər və ermənilərə işləyən məsul şəxslər və Lavrovdan Mişustinə qədər, hamısı bilir. Bildikləri üçün də hamılıqla əllərində olan bütün vasitələrlə təbliğat aparırlar ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyini Qərb hazırlamayıb, başverənlər rəngli inqilab deyil, xalqın hakimiyyətdən narazılığı ilə baş vermiş hakimiyyət dəyişikliyidir. Ermənistan Rusiyasız yaşaya bilməz, həmişə ona sadiqdir və sadiq də qalacaq. Bütün bunlar isə hadisələrin vaxtı çatana qədər Rusiya ictimaiyyətini qəzəbləndirməmək , onun “başının altına yastıq qoymaq” üçündür.
Məsələnin başqa tərəfi- Ermənistan hücum planını hazırlayarkən minamyotlar üçün istifadə edəcəyi mərmiləri həmişəki kimi Rusiyadan daha ucuz, daha asan yolla ala bilərdi. Ancaq adi təlabatdan artıq mərmiləri Rusiyadan istəsəydi bunun səbbəbi şübhə doğurar və hücum planını ortaya çıxara bilərdi. Ona görə də çətin əməliyyat olsa da mərmiləri Yunanıstanın orta əsrlərdən bəri dəyişməyən tarixi müttəfiqi Serbiyadan almış və Gürcüstan üzərindən Ermənistana gətirmişdir.
Digər tərəfdən, qardaş Türkiyə Ermənistana qarşı rəsmi açıq hədələr ünvanladı və hərbi- qırıcı təyyarələrin sərhəddə uçuşları ilə “əzələ nümayiş etdirdi”. Rusiya Prezidenti və hakimiyyət bütövlükdə buna ən loyal münasibət göstərdi. Eyni zamanda nə Rusiya Təhlükəsizlik Şurasında, nə KTMT-də, nə də Avroasiya İqtisadi Birliyi Təşkilatında Ermənistanın mövqeyi müdafiə olunmadı. Bununla paralel olaraq Rusiya kütləvi informasiya vasitələrində ictimai rəy Paşinyana qarşı yönəldildi. Bilirsiniz ki, Rusiyada da bu vasitələr əsasən hakimiyətin əlindədir və onu diktəsi ilə hərəkət edir.
Hiss olunurdu ki, Rusiya başverənlərin haradan qaynaqlandığının fərqindədir və ona görə də Paşinyanın bu özbaşınalığından narazıdır. Mənim müşahidələrim belədir. İrəli sürülən digər rəylər; guya Aya Sofyanın məscid statusunun bərpa olunmasına cavab olaraq bir-neçə Azərbaycan hərbiçilərinin öldürülməsi ilə Rusiyanın “qisas aktı” versiyasını da inandırıcı saymıram. Rusiyanın Türkiyə ilə olan qlobal iqtisadi siyasi maraqlarını belə kiçik məsələlərlə risk altına qoyması məntiqsizdir.
— Mətbuatda belə bir mülahizə ilə də rastlaşmışdım ki, Liviyada general Haftar və Sisi təxminən belə deyiblər ki, bu yaxınlarda hadisələrin gedişini dəyişəcək hücumlarımız olacaq. Güman edilir ki, onlar Azərbaycandakı döyüş bölgələrindən Türkiyəyə təsir edəcəklərini nəzərdə tutublar.
— Bunu da ciddi saymıram. Bunlar müharibələrdə tərəflərin bir-birinə qarşı psixoloji təsir vasitəsi kimi daim istifadə etdiyi ritorikadır. Hazırda dünyanın yüzdən çox qaynar nöqtəsi var bunların hamısında hər gün təkrarlanan ifadələrdir. Onda gərək dünyada başverənlərin hamısını bu hədələrlə əlaqələndirək.
— Adil müəllim, az əvvəl cavabınızda məni düşündürən, bir fikir söylədiniz ki, Ermənistan *B* planını işə salıb və Rusiyadan qopmağı planlaşdırır. Bu məndə həm də müəyyən ümidlər yaratdı deyə geri qaydıb bununla bağlı sullar vermək istəyirəm. Oradan başlayım ki, həqiqətənmi 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Qərbdən təşkil olunub və Ermənistan Rusiyanın təsir dairəsindən çıxmağa hazırlaşır? Bu bir az inandırıcı görünmür ona görə ki, Ermənistan anklav vəziyyətindədir, qonşu dövlətlərlə də torpaq iddialarına görə düşmən münasibətlərdədir və həqiqətən də Rusiyasız məhv olub gedər. Düşünürəm ki, belədirsə də bu bizim xeyrimizə olardı. Rusiya Ermənistanın arxasından çəkilən kimi biz bir-neçə günə torpaqlarımızı azad edə bilərik…
— Fikirlərinizin bir hissəsi doğrudur ki, Ermənistan anklav vəziyyətindədir, qonşuları ilə düşmən münasibətdədir və Rusiya Ermənistanı müdafiə etməsə biz çox qısa müddətdə torpaqlarımızı azad etmək gücündəyik. Amma böyük dövlətlərin gizli qapıları arxasında baş verənlərdən xəbərsiz olduğunuz üçün hesaba almadığınız məqamlar da var. Sizin fikirləşdiyinizi ermənilər də bilir və nəzərə alırlar. Hadisələri daha əvvəldən proqnozlaşdırıb ona uyğun olaraq kimə sığınmalı seçimində ermənilərə çatan bəlkə də tapılmaz. Bunu onlara çətin həyat şəraiti öyrədib. Yüz illərcə dövləti olmadan başqa xalqların əlinin altında yaşayıb, əzilib varlığını saxlamaq üçün təxminən zəli, gənə kimi fövqaladə parazit bir instinq qazanıblar. Onlar bunu qazanıblar. Erməni lobbisi və kilsəsi böyük dövlətlərin planlarından vaxtında xəbər tutaraq nə etməli olduqlarını planlaşdırır və Ermənistana diktə edir. Ermənistan bəlkə də dünyada qalmış yeganə dövlətdir ki, orta əsrlərdə olduğu kimi kilsə tərəfindən idarə olunur. Və “görünən kəndə nə bəldçi”?! Rusiya Ermənistandan əlini çəksə, Ermənistan müharibəsiz belə iqtisadi problemlərdən 2-3 ilə çökər. Burada nəzərə alınmayacaq nə var ki!? İndi sualı mən versəm və soruşsam ki, Türkiyədə gedən prosesləərlə Ermənistanda baş verən rəngli inqilab arasında nə əlaqə görürsən, xəyalən də olsa bir bağlılıq qura bilirsən?
— … Xeyr!
— Deməli, görünməyən kəndə bələdçi lazımdır! Ermənistanda rəngli inqilab məhz onun Rusiyaya lazım olmayacağı təhlükəsi yarandığına görə və mən deyərdim ki, gündəlikdən kənar planlaşdırıldı və qısa zamanda reallaşdı. Bunun da səbəbi Türkiyə ilə Rusiya münasibətlərinin yaxınlaşmasının pik nöqtəsində Qərbin keçirdiyi böyük narahatçılıq oldu. Bunun baş verəcəyi halda dünyanın geosiyasi tarazlığı dəyişirdi. Təbii ki, o zaman Ermənistandan yaxa qurtarmasaydı, o Rusiya üçün lazımsız, gərəksiz və müttəfiqlərlə maraqlara xələl gətirən ir yük olardı. Bu təhlükənin baş verə biləcəyi hal üçün Ermənistan xilas yolu kimi *B* planını- Qərbə inteqrasiya və NATO -ya üzvlük variantını razılaşdırdı.
— Dərhal iki sual maraq doğurur. Birincisi- vəziyyət nə dərəcədə real və Qərbi narahat edəcək qədər ciddi idi, ikincisi — Anklav vəziyyətində olan Ermənistanın *B* planı onun özünə və Qərbə nə verir?
— Türkiyə və Rusiyaya istər Amerikadan, istərsə də Avropadan edilən təzyiqlər, tətbiq olunan sanksiyalar, tətbiq edilməsi hədəsi altındakı sanksiyalar, Yaxın şərqdə onların hər ikisinin maraqlarına qarşı hərbi və siyasi güc tətbiqi, tarixi ərazilərinə təhdid planlarına qarşı dayanmaq zərurəti onların yaxınlaşmasını diktə etdi. Rusiya və Türkiyənin ənənəvi soyuq münasibətlərinin son 30 ildə bütün sahələr üzrə — iqtisadi, ticari, texniki, hərbi və siyasi istiqamətdə yüksək inkişaf dinamikasının göstəricilərini saymağa ehtiyac görmürəm. Məsələyə Qərbin buna münasibəti prizmasından baxmağı məsləhət görürəm. Bu yaxınlarda Con Boltonun çapdan çıxmış *Hər şeyin baş verdiyi otaq* memuarında Türkiyə prezidenti R.T. Erdoğanın bütün xahiş və tələblərinin, hətta dövlət münasibətlərindən kənar xahişlərinin də Donalt Tramp tərəfindən təmin olunmasında *qaranlıq* məqamlar axtararaq bunu nöqsan kimi qeyd edir. Ancaq Avropa Şurasının Beynəlxalq Münasibətlər departamentinin əməkdaşı Aslı Aydıntaşbaş vəziyyəti belə dəyərləndirir: “Tramp Türkiyənin Rusiya ilə dərinləşən münasibətinə mane oldu. Bu qəribə faktor olmasaydı əks halda biz (yəni Avropa) Türkiyə-Rusiya oxu (birliyi) ilə qarşı-qarşıya qalacaqdıq”. Türkiyə və Rusiyanın rəsmi dairələrinin bu birliyə müsbət münasibətləri barədə nitqlərindən statlar gətirməyə də ehtiyac duymuram, görünən odur ki, məsələ hələ gündəlikdən çıxarılmayıb. Bu da ilk növbədə Avropanı, eyni zamanda Amerikanı da çox narahat edir və təbii ki, buna mane olacaq üçün onları vuruşdurmaq planını aktiv olaraq gündəlikdə saxlayır.
Sualinizin: *B* planının Ermənistana və Qərbə nə verməsi barədə digər hissəsinə gəldikdə isə bildirim ki, Qərb güclü Rusiya -Türkiyə blokuna qarşı əlverişli nöqtədə forpost dövləti götürür, Ermənistan isə NATO birliyi-Gürcüstan- Qara dənizə çıxış imkanarı ilə blokadadan çıxmış olur. Bu da onlar üçün Rusiyanın təsir dairəsində olduğu indiki vaxtdan daha prespektivlidir.
— Fərz edək ki, bu baş verdi və Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq Qərbin təsir dairəsinə keçdi. Məncə bu halda da bizim torpaqlarımızı qaytarmağımız, hətta bunun sülh yolu ilə həll edilməsi şansı artmış olar. Hər halda Qərb Rusiya deyil, orada demokratiya var, beynəlxalq qanunlara hörmət var. Onlar hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı faktına göz yuma bilməzlər!
— Bunlar sadəcə şüardır, Sizin qənaətiniz də uzun illər təbliğat vasitəsilə bizə aşılanmış yanlış təsəvvürlərin məhsuludur və tarixi faktlarla ziddiyyət təşkil edir. Baxın, İngiltərə, Fransa və Rusiya Birinci Dünya Müharibəsindən əvvəl erməni xalqını qızışdırıb, silahlandırıb türklərlə vuruşdurublar. Sonradan öz iştraklarını gizlətmək üçün adını genosid qoysalar da bu döyüşlərdə yüz minlərlə erməninin qırılmasına səbəb olan dövlətlərdir. Erməni xalqının qarşısında bu günahdan yana onların ağır mənəvi borcları var. Bunu təkcə türk tarixçiləri, siyasətçiləri demir. Erməni tədqiqatçısı Filipp Ekozyans ermənilərə yalvarır, haray çəkir ki, ey… Ayılın! Yanlış düşüncələrlə özünüzə və başqalarına problem yaratmayın!
Erməni dini icmasının millət kimi formalaşması 15-17 əsrlərdə başlayıb və onun ən gözəl inkişaf dövrü Osmanlı İmperiyasının təbəəliyində yaşadığı dövrdür.
“Rusiyanın Krımı ilhaq eləməsinə görə ABŞ-dan sanksiyaların ardı-arası kəsilmir, amma Ermənistana sanksiya yox, yardım! Bu işğalı təqdir etmək, işğalçını mükafatlandırmaq deyilmi?!”
Saxta *Böyük Ermənistan* tarixi və ideologiyası 18-ci əsrin ikinci yarısından başlayaraq Qərbdə hazırlanıb, məqsədi də özləri vuruşmadan onların əli ilə Osmanlını devirmək olub. Amerika bu hazırlıqda birbaşa iştrak etməyib, amma işin içindədir və eyni mövqeyi bugünə qədər (bir həftə əvvəl Azərbaycana 120 milyon dollarıq hərbi yardımla bağlı senatın qərarı isisna olmaqla. Buna görə də sağ olsunlar) də müdafiə edib. Osmanlı məğlub olduqdan sonra 1920-ci ildə Versal Vaşinqton razılaşması ilə Ermənistan dövləti buna görə yaradıldı, ABŞ prezidenti Vudro Vilsonun rəhbərliyi ilə hazırlanan — Sevr müqaviləsində Ermənistan üçün bilirsiniz nə qədər ərazi ayrılmışdı?
— Xeyr…
— 145 min kvadrat kilometr! Böyük Atatürkün mübarizəsi olmasaydı, o müqavilənin şərtləri dəyişməyəcəkdi. Yaxşı, bunlar keçmiş tarixdi. Bəs indiyə qədər ABŞ-ın Azərbaycana məhdudiyyət qoyub, işğalcı Ermənistaha daimi yardım, separatçı rejimə ayrıca yardım göstərməsi nə deməkdir? Rusiyanın Krımı ilhaq eləməsinə görə sanksiyaların ardı-arası kəsilmir, amma Ermənistana sanksiya yox, yardım! Bu işğalı təqdir etmək, işğalçını mükafatlandırmaq deyilmi?! Biz torpaqlarımızı azad etmək üçün hərəkət edən kimi hamısı bir ağızdan üstümüzə tökülüşür ki, güc işlətsəniz sanksiya tətbiq edəcəyik. Bəs 1992-94 cü illərdə Ermənistan bizim ərazilərdə vəhşiliklər törədəndə, kəndlərimizi- şəhərlərimizi talayıb yandıranda, dinc əhaliyə qarşı soyqırım törədəndə bu dövlətlər harada idilər, bəlkə hələ onların dövlətçiliyi formalaşmamışdı?! Eh… Faktlar çoxdur və onlar Sizin düşündüyünüzdən çox fərqli şeylər deyir!
— Adil müəllim, ATƏT-in Minsk qrupu bizim bütün ümidlərimizi alt-üst edib. Amma yenə də bu məsələnin sülh yolu ilə, diplomatik yolla həlli variantı mümkündürmü?
— Mübahisənin həllini BMT-nin yurikduksiyasından çıxarılıb ATƏT-in səlahiyyətinə verilməsinə razılaşmamız bizim ən böyük səhvimizdir. Ona görə yox ki, ATƏT-in qərarlarının məcburedici qüvvəsi yoxdur və ancaq tövsiyə xarakteri daşıyır. Ona görə ki, oradakı səlahiyyət sahibləri bu konfliktin obyektiv həll olunmasında maraqlı deyillər. Baxın, hazırda qrupun üç həmsədri var- ABŞ, Fransa və Rusiya. Onlardan ikisinin birbaşa ermənilər qarşısında tarixi məsuliyyəti və mənəvi borcları var, Amerikanın da tarixi rolunu və tərəflərə münasibətini də yuxarıda izah etdim. Deyə bilərlər ki, keçmişdə olanların indiki zamana qarışacağı yoxdur, indi obyektiv və tərəfsizik. Amma baxın, onlar çalışmalıdırlar ki, işğalcı qüvvələr ərazidən çıxarılsın ki, mübahisəni danışıqlar yolu ilə həll etmək mümükün olsun. 2008-ci ildə BMT Baş Assambleyası işğalcı qüvvələrin dərhal, qeydşərtsiz işğal olunmuş ərazilərdən çıxarılması haqqında qərar qəbul edir və… hər üç dövlət- ABŞ, Rusiya və Fransa bu qərarın ƏLEHİNƏ SƏS VERİRLƏR! Niyə?- çünki bu qərar icra olunsa Ermənistan münaqişə bölgəsində təsir gücünü itirir və mübahisənin danışıqlar yolu ilə həllinə razılaşmaqdan başqa çarəsi qalmır. Beynəlxalq hüquq normaları bizim xeyrimizədir, həmsədrlər isə mübahisənin bizim xeyrimizə həll olunmasını istəmir! Onların yeganə məqsədi müzakirələri illərlə uzadıb qanunla həlli olmayan məsələni de- fakto həyata keçirməkdir. Bizim də illərdir Minsk Qrupunun mübahisəni həll edəcəyini gözləməyimiz ÖZÜMÜZÜ ALDATMAQDAN BAŞQA HEÇ NƏ DEYİL!
— Sizcə, bu qədər haqsızlığa, ədalətsizliyə bir hakim kimi nə ad vermək olar?
— Mən beynəlxalq mübahisələrdə hakim olmamışam, ancaq mülki həyatda bu eynən ona bənzəyir ki, birinin malikənəsinə silahlı hücum edib əmlakını talayır, evini yandırır, ailə üzvlərini də öldürürlər, zərərçəkənin şikayətinə hakim deyir ki, mən sizi görüşdürəcəm, gedin razılaşın, barışın!!! Zərərcəkənin hakimə deyəcəyi bir söz ola bilər: “Tfu… lənət olsun sizə də, sizin ədalətinizə də!”. Anoloji vəziyyətdə bizim də Minsk Qrupuna bundan fərqli deyəcəyimiz bir şey yoxdur!
— Adil müəllim, müsahibəni elə bu sonluqla da bitirmək daha yaxşı olardı, ancaq Sizə hər zaman *əlimiz çatmir*, son iki vacib suala da cavab almaq istəyirəm. Qardaş Türkiyə rəsmi şəkildə elan etdi ki, biz bütün gücümüzlə Azərbaycanın yanındayıq, torpaqlarının azad edilməsi üçün ona hər cür köməkliyi edəcəyik.
Sağ olsunlar, cənublu həmvətənlilərimiz, qardaşlarımız da dedi ki, on milyonlarla doyüşə qoşulmağa hazırıq, sadəcə Azərbaycan sərhədi keçməyimizə icazə versin. Bunlar, xüsusilə Türkiyənin müdaxiləsi mübahisənin hərb yolu ilə həll olunmasına nə dərəcədə təsir edə bilər?
— Biz bu münasibətlərinə görə hər iki soydaşlarımıza, qardaşlarımıza dərindən minnətdarıq. Əlbəttə, bunlar bizə ruh verir, düşmənlərimizi isə bir daha düşünməyə məcbur edir. Ancaq belə ciddi məsələ hiss və emosiyalarla deyil, ağıl, təmkin və tədbirlə həll olunmalıdır. Kim harada güclüdürsə, nəyi harada daha yaxşı həll edə bilərsə, orada da onun gücündən istifadə olunmalıdır. Biz Türkiyənin hərbi müdaxiləsinə heç cür imkan yaratmamalıyıq. Yuxarıda xüsusi qeyd elədim ki, hazırda Türkiyə ilə Rusiyanı qarşıdurmaya cəlb etmək üçün ciddi cəhdlər göstərilir, bunun üçün də iki ən uyğun nöqtələrdən biri Dağlıq Qarabağ münaqişəsidir. Türkiyənin hazırda bizə verə biləcəyi- maddi, maliyyə siyasi dəstək ola bilər. Şükürlər olsun ki, maliyyə ehtiyaclarımız da yoxdur. Bəzi xırda nüanslar ola bilər ki, onlar da müsahibə mövzusu deyil. Türkiyə bizə çox böyük səviyədə siyasi dəstək verir, bunu genişləndirmək və təkmilləşdirmək olar. Artıq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktı beynəlxalq səviyyədə təsdiq olunub. Ayrı-ayrı dövlətlərin birtərəfli qaydada işğal faktına görə Ermənistana qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq etmək, onu informasiya blokadasına almaq hüququ var. Bunun bütün dost müttəfiq dövlətlər tərəfindən, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı dövlətləri tərəfindən tətbiqinə nail olmaq lazımdır. Ermənistan zəif dövlətdir, bir neçə ciddi iqtisadi sanksiyalar onu qısa zamanda çökdürər. Xüsusilə İranın iqtisadi və enerji yardımı olmasa Ermənistan bir qışdan belə çıxa bilməz. Ona görə də İranda yaşayan azərbaycanlıların vuruşmaq üçün bura gəlməsinə də ehtiyac yoxdur. Onlar güc və imkanlarını bu yardımın dayandırılmasına yönəltəsələr daha faydalı olar.
— Son bir sual-bütün yuxarıda deddiklərinizə baxmayaraq, münaqişənin güc — hərbi həlli variantı varmı?
— Əlbəttə var və Ermənistanın *B* planı bizim bu şansmızı daha da artırıb. Ancaq bu da müsahibənin mövzusu deyil!
— Təşəkkür edirəm maraqlı və geniş müsahibə üçün…
Asif Mərzili