Элуджа Аталы — Eluca Atalı (Hüseynova Mədinə İxtiyar qızı) 1966-cı il 19 noyabrda Azərbaycan Respublikasının Neftçala rayonunun Xolqaraqaşlı kəndində doğulub.
Asif Ata Ocağının Övladıdır, Asifçilik əqidəsinə sahibdir. Azərbaycan Yazarlar Birliyinin və İraq-Türkmən Ədəbiyyatçılar Birliyinin fəxri üzvüdür.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib və «Azərbaycanda kitabşünaslıq: yaranması, inkişafı, müasir mərhələ və perspektivləri» adlı namizədlik dissertasiyasını müdafiəyə hazırlayıb.
On iki yaşından şeir yazmağa başlayıb, ədəbiyyata yeni — fəlsəfi-bədii-miniatür janrını gətirib və bu janrda, həmçinin hekayə, esse, mənsur şeir, publisistika janrlarında yüzlərlə əsəri öz vətənində və xaricdə çap olunub və başqa dillərə tərcümə edilib.
Dünya, həyat, insan və onların ətrafında baş verən hər bir hadisə onun mövzusudur. Əqidəsini qəbul etdiyi Asif Atanın ”İnsan dəyişməsə, dünya dəyişməz” fikrini əsas götürüb, insanın özünü kamilləşdirməsində ona mane olan naqislik və nöqsanlarını bədiiyyat vasitəsi ilə təhlil edir. Ən çox ilham aldığı təbiət və uşaqlardır. ”Təbiət və uşaqlar mənə mövzu verməkdə heç usanmırlar, mənsə, onları özümdən küsdürməmək üçün yazıram!” – deyir.
«Adamdan üstün» (azırbaycan və türk dillərində: Bakı, Ankara), «Paşa Qəlbinur: biblioqrafiyası» (azərbaycan, rus, ingilis dillərində: Bakı), «Atillanın açıq pəncərəsi»(rus dilində: Bakı), «Qum üstündə sərçələr», «Milli monoloq», Gecikmiş oyuncaq” (azərbaycan və özbək), «Bir udum azadliq», ”Kərküklülər – təklənmiş türklər” ictimai-siyasi məqalələr toplusu (azərbaycan, türk dillərində: Bakı, İstanbul), ”Atlara güllə atmayın” (türk dilində: İstanbul) «Azadlıq hekayələri»(türk dilində: İstanbul), «Tiqranizm Xocalıda» (azərbaycan, türk dillərində: Bakı, İstanbul), «Özünü gətir» (özbəkcə: Daşkənd), «Yad dildə azadlıq nəğməsi», «Heykəllər niyə danışmırlar? (ingilis dilində, Amerika), «Nalşəkilli mühasirə» (Bakı) kitabları çap olunub. ”Qız və quzğun” povestini, «Ruhu ilə oynayan qadın», «Savaşda qalib yoxdur», «Yenidən doğuş» romanları, ”Ağ gəminin kapitanı” uşaq romanını,»Iran hizbullah zindanında» romanlarını yazıb.
Hal-hazırda İsveçdə yaşayır, evlidir, bir qızı var, işləyir, bədii yaradıcılıq, jurnalistika ilə ciddi məşğuldur və ictimai-tarixi və bədii mövzularda dünyanın müxtəlif ölkələrində konfranslar verir.
KİBATEK- 42 ölkənin ədəbiyyat araşdırmaçıları, şair və yazarlarını əhatə edən qurumun hər il bir ölkənin yazar və şairinə verdiyi Türk Dünyasına Xidmət ödülünə 2017-ci ildə layiq görülmüşdür.
2017-ci ildə İrak-Türkmən Ədəbiyyatçılar Birliyindən Qələm Ustası mükafatına verilmişdir.
Количество просмотров: 2 296